Qərbdən Ukraynaya ürəksiz vədlər...! Türk professordan real İZAH 

“İllərdir, Ukraynaya güvən verərək, sizi NATO-ya, Aİ-yə aparacağıq dedilər”

“Ukrayna hökuməti də öz vəziyyətlərini rasional qiymətləndirə bilmədi və bu ürəksiz vədlərə inandılar”

“Qərb yenə qalib gəldi. Rusiya qalib gəldi. Ukrayna xalqı məğlub oldu”

Rusiya və Ukrayna arasında müharibə başlandığı gündən əksər Qərb ölkəsi Ukraynaya  öz dəstəyini ifadə edir. Bu gün Ukrayna Prezidendi Volodimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında da telefon danışığı olub. V. Zelenski B.Consonu Rusiya ordusunun Ukrayna ərazisinə və paytaxt Kiyevə hücumları barədə məlumatlandırıb.
“Bu gün Ukrayna həmişəkindən daha çox tərəfdaşlarının dəstəyinə ehtiyac duyur. Biz Rusiya Federasiyasına qarşı effektiv tədbirlərin görülməsini tələb edirik. Sanksiyalar daha da gücləndirilməlidir”, - deyə V.Zelenski ilə Böyük Britaniyanın Baş nazirin diqqətinə çatdırıb.

Qərb ölkələrinin hazırkı durumla bağlı mövqeyini “Sherg.az”a dəyərləndirən türkiyəli politoloq, professor Yaşar Onay  bildirib ki, bu ölkələr öz keçmiş siyasətlərinə davam edirlər:

“Əgər siz Qərb dedikdə imperialist və müstəmləkəçilik ənənələrinə malik ölkələri nəzərdə tutursunuzsa, ortaya çıxan mənzərə bizim üçün çox da təəccüblü deyil. Keçmişdə etdiklərini edirlər. Bu klassik imperiya siyasətidir. Parçalayın, bölün və idarə edin. Bu səbəbdən də hədəf coğrafiyalardakı dövlətləri darmadağın edib, istismara davam etdirirlər. 

İllərdir, Ukraynaya güvən verərək, sizi NATO-ya, Aİ-yə aparacağıq dedilər. Ukrayna hökuməti də öz vəziyyətlərini rasional qiymətləndirə bilmədi və bu ürəksiz vədlərə inandılar. Lakin Ukraynanın maraqları Rusiya ilə yaxşı münasibətlər qurmaqdan asılı idi. 

Onlar bunu görə bilmədilər. İndi deyirlər ki, niyə Qərb bizi dəstəkləmir. Bu hadisələr Rusiyanın da maraqlarına uyğun idi, ona görə də Qara dəniz qapısını və mədən baxımından çox zəngin olan Donbass bölgəsini də götürdü”.

Professorun fikrincə, bu hadisələr geniş vüsət almayacaq:

“Silahlı qarşıdurmalar dünya müharibəsinə səbəb olmayacaq. Rusiya iqtisadiyyatı uzun müddət davam edən isti müharibəyə tab gətirə bilməz. Qərb yenə qalib gəldi. Rusiya qalib gəldi. Ukrayna xalqı məğlub oldu. Belə nəticəyə gəlmək lazımdır ki, əgər hansısa dövlət öz milli maraqlarını deyil, başqa dövlətlərin milli maraqlarını müdafiə etsə, sonu Ukrayna kimi olacaq”.

Çimnaz Şahlar