Qarabağda müharibə yox, sülh olmalıdır

Ceyhun Məmmədov:"Əfsuslar olsun ki, Ermənistan yenə də təxribatçı hərəkətlərindən əl çəkmir"

"İnanıram ki, 2022-ci ildə Ermənistan tərəfi az da olsa müəyyən məsafəni qət edəcək"

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında Ermənistanla sülh müqaviləsinin imzalanması prosesindən danışıb. Nazir qeyd edib ki, Azərbaycan regionda sülh və sabitliyin bərqərar olmasının tərəfdarıdır. C.Bayramov vurğulayıb ki, bu imkanlar Ermənistan üçün bir fürsətdir və Ermənistan hərbi-siyasi rəhbərliyi bu fürsətdən necə istifadə etmək barədə qərar verməlidir. Nazir onu da əlavə edib ki, Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycan və Türkiyə arasında tam koordinasiya var. Ceyhun Bayramovun məlum açıqlamasından sonra Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan rəsmi İrəvanın sülh müqaviləsi imzalamağa hazır olduğunu söyləyib. Uhanyanın sözlərinə görə, Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin gündəliyində dayanan prioritet məsələlərdən biridir: “Biz Ermənistan və bütün region üçün dinc inkişaf dövrünün başlanması strategiyasını qəbul etmişik. Bu istiqamətdə addımlar atmağa hazırıq. Digər tərəfdən, regional kommunikasiyaların açılması da prioritet istiqamətlərdən biridir. Bu istiqamətdə də müxtəlif işlər görülür”. Bir müddət öncə Ermənistanın Ərazi idarəetməsi və infrastruktur naziri Qnel Sanosyan da bildirmişdi ki, İrəvanda Zəngəzur dəhlizinin bu ölkədən keçən hissəsinin tikintisinin başlaması məqsədilə maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul edilib. Onun sözlərinə görə, dəhlizin 43 kilometrlik hissəsində təmir-bərpa işləri aparılacaq. 
Azərbaycan hökumətinin illik hesabatında da bildirilib ki, şanlı qələbəmizlə başa çatan 44 günlük müharibədən sonra ölkəmiz öz nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirmək baxımından əlverişli fürsət əldə edib: “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə təşəbbüsü ilə gündəmə gələn Zəngəzur dəhlizi Azərbaycanın həm tarixi nailiyyəti, həm də böyük siyasi qələbəsidir. Hesabat dövründə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atılıb və onun fəaliyyəti üçün müvafiq tədbirlər davam etdirilməkdədir”. Prezident İlham Əliyev ötən ay Rusiya KİV rəhbərləri ilə keçirilən görüşündə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşacağına inandığını bildirmişdi. Ölkə rəhbəri diqqətə çatdırmışdı ki, Bakı Ermənistanla sülh müqaviləsi bağlamaq istəyini dəfələrlə rəsmən bəyan edib: “Yəqin ki, bu, müəyyən mərhələdə baş verəcək, lakin indiki geosiyasi reallıqlarda biz realist olmalıyıq, mümkün olmayanı arzulamamalıyıq, əksinə, Qafqazda davamlı sülhün bərqərar olmasına doğru irəliləməliyik”. Dövlət başçısı qeyd etmişdi ki, 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı birgə bəyanat imzalanıb və həmin sənədə əsasən, Azərbaycan və Ermənistan tərəfləri öz mövqelərində dayanıb: “Bir sıra rayonlar Bakının nəzarətinə keçib, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya sülhməramlıları yerləşdirilib. 2021-ci il yanvarın 11-də Moskvada Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin görüşü baş tutub. Orada yeni birgə bəyanat imzalanıb, bu sənəd digər məsələlərlə yanaşı, regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasını nəzərdə tutur. Eyni zamanda, bu və digər vəzifələrin həlli üçün baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun yaradılması barədə razılıq əldə olunub. 2021-ci il noyabrın 26-da liderlər Soçidə yenidən görüşdülər. Biz Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün müvafiq addımlar atmaq barədə razılığa gəldik. Həmçinin sərhədlərin demarkasiyası ilə delimitasiyası üçün ikitərəfli komissiyanın yaradılmasının zəruriliyini şərtləndirdik. Rusiya bu məsələdə tərəflərə məsləhətçi yardım göstərir”. 

Ermənistanla sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılması prosesini dəyərləndirən əksər ekspertin fikrincə, dünyada baş verən təlatümlər Azərbaycan üçün o qədər də ciddi təhlükə yaratmır. Əksinə, cərəyan edən proseslər Zəngəzur dəhlizinin əhəmiyyətini daha da artırır. Şərqlə-Qərb arasında yaranan iqtisadi-siyasi uçurum, münaqişə ölkələri arasında ticarət əlaqələrinin iflic olması Azərbaycanın tranzit imkanlarını daha qabarıq şəkildə önə çıxarır. Zəngəzur dəhlizinin açılması nəinki Azərbaycan, digər maraqlı ölkələr üçün də inanılmaz iqtisadi dividendlər deməkdir. Ancaq bunun reallaşması İrəvan hökumətinin üzərinə düşən öhdəliyə qeyd-şərtsiz əməl etməsindən, kommunikasiya və sülh müqaviləsi ilə bağlı prosesə start verməsindən asılıdır. 

Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə açıqlamasında bildirib ki, Bakının bəyanatlarına İrəvanın pozitiv açıqlamalarla qarşılıq verməsi müsbət tendensiyadır. Lakin deputat Ermənistan tərəfinin quru bəyanatlarla kifayətlənməməsini, əməldə də mövqeyini sübut etməsinin zəruri olduğunu vurğulayıb: 

“Əfsuslar olsun ki, Ermənistan yenə də təxribatçı hərəkətlərindən əl çəkmir. Xarici ölkələrdəki erməni diasporası Azərbaycan əleyhinə təbliğatla məşğul olur. Guya, Qarabağı “işğal” etmişik, oradakı ermənilərin həyatına “təhlükə” yaratmışıq və s. Əlbəttə, bunların hamısı absurd yalanlardır, heç birinin əsası yoxdur. Amma bütün bunların fonunda Ermənistanla danışıqlar getməlidir. Məqsədimizə çatmaq naminə bütün addımları atırıq və bundan sonra da atacağıq. Ermənistandan gözləntimiz odur ki, İrəvan könüllü şəkildə öz öhdəliklərini yerinə yetirsin. Əgər Ermənistan rəhbərliyi imza atdığı üçtərəfli sazişin müddəalarına əməl etməkdən boyun qaçırarsa, Azərbaycan İrəvanı buna məcbur etməlidir. Sərhəddə və Qarabağda törətdilən təxribatlara son qoyulmalı, Azərbaycan əleyhinə təbliğat durdurulmalıdır. Münasibətlərin normallaşmaması və kommunikasiyaların bərpa edilməməsi ilk növbədə erməni xalqının ziyanınadır. İnanıram ki, 2022-ci ildə Ermənistan tərəfi az da olsa müəyyən məsafəni qət edəcək. Buna nail olmaq üçun yumşaq güc tətbiq etməklə yanaşı, hərbi əməliyyatlardan da istifadə edə bilərik”.