Rusiyanın rəsmi orqanları səhvlərə yol verirlər

Azər Rəşidoğlu: "Kremlin əsas silahı erməni separatçılarıdır"

Əhəd Məmmədli: "Moskva diplomatik üsullarla Azərbaycanı qıcıqlandırmağa, nəyəsə təhrik etməyə çalışır"


Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda Ukraynaya yardım göstərən ölkələrlə və separatçı rejimlərlə yanaşı, “Dağlıq Qarabağ” ifadəsinin də işlənməsi Azərbaycan hökumətində ciddi narazılıq yaradıb. Azərbaycanın Müdafiə Nazirliyi məsələ ilə bağlı dərhal açıqlama verib və “Dağlıq Qarabağ” ifadəsinin işlənməsinin qəbuledilməz olduğunu bildirib. Vurğulanıb ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi yoxdur: 

“Rusiya Federasiyası tərəfindən dəfələrlə ali və yüksək səviyyələrdə verilmiş açıqlamalarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək təsdiq edilib. Eyni zamanda iki ölkə arasında imzalanmış müvafiq sənədlərdə də bu mövqe bir daha təsbit olunub. Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd olaraq, bundan əvvəl də müvafiq qurumun rəsmi açıqlamalarında Azərbaycanın suveren ərazilərinə bu adla müraciət edilməsi halları müşahidə olunub. Bu kimi açıqlamalar Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola bilər”. Azərbaycan XİN-in məlumatında qeyd olunduğu kimi Rusiyanın rəsmi qurumları əleyhimizə dəfələrlə müxtəlif “səhvlərə” yol veriblər. Bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin saytında Türkmənçay müqaviləsinin ildönümü ilə bağlı yayılmış açıqlamada Azərbaycan torpaqları “Şərqi Ermənistan” adı ilə təqdim olunmuşdu. Rəsmi orqanların məlumatlarında Xankəndi indiyə kimi “Stepanakert” şəklində yazılmaqdadır. Ekspertlər Moskvanın yanaşmasını, Rusiyanın son vaxtlar post-sovet ölkələrində nümayiş etdirdiyi aqressiv siyasətlə əlaqələndiriblər. 

Politoloq Azər Rəşidoğlu “Şərq”ə bildirib ki, Rusiya Azərbaycana ən böyük təhdid olaraq qalmaqdadır. Analitikin sözlərinə görə, Kremlin əsas silahı erməni separatçılarıdır:

 “Moskva 10 noyabr sazişinə əməl etmir, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edir. Düşünürəm ki, bu təhdidlərin qarşısını almaq üçün anti-terror əməliyyatı davam etdirilməli və revanş həsrətində olan separatçıların son qalıqları məhv edilməlidir. Ən əsası isə Türkiyənin hərbi bazaları Azərbaycanda qurulmalıdır. Bakının yeganə strateji müttəfiqi Ankaradır və biz bütün addımlarımızı Türkiyə ilə birlikdə atmalıyıq. Türkiyə ilə ən sıx əməkdaşlıq formulu tapılmalıdır. Rusiya zaman-zaman belə addımlar atır və artıq anlamalıyıq ki, Ankara ilə ən sıx əməkdaşlıq olmasa, bu təhdidlər çoxalacaq”.

AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli “Şərq”ə deyib ki, Rusiya Azərbaycana yönəlik yanlış siyasət yeridir. Partiya təmsilçisi xatırladıb ki, artıq Azərbaycanla Rusiya arasında müttəfiqlik sənədi var: 

“Moskva hər fürsətdə rəsmi Bakıya “sataşır”. Diplomatik üsullarla Azərbaycanı qıcıqlandırmağa, nəyəsə təhrik etməyə çalışır. Lakin Rusiya indi ehtiyatlı, düşünülmüş addımlar atmalıdır. Xüsusən, qonşulara münasibətdə dostyana davranmalıdır. Çünki az qala bütün dünya Rusiyanı Ukraynada həyata keçirdiyi işğalçılıq siyasətinə görə hədəfə alıb. Ölkə ağır sanksiyalara məruz qalmaqdadır. Azərbaycanı özündən tamamilə narazı salmaq Kremlin maraqlarına cavab vermir. Hesab edirəm ki, belə təxribatlar Rusiyanın Müdafiə və Xarici İşlər Nazirliyində kök salmış erməniyönlü kadrların, anti-türk qüvvələrin də işi ola bilər. Əgər Moskva Bakı ilə münasibətlərin korlanmasını istəmirsə, qurumların rəsmi bəyanatlarına nəzarət etməlidir”.