"Zelenski mövcud vəziyyətdə ən unikal variant təklif edir"

Asif Nərimanlı: "İstisna deyil ki, müharibənin gedişi və vaxt uzandıqca sanksiyaların əyani təsiri Moskvanı “minimum qazanca” məcbur etsin"

NATO Rusiya ilə qarşıdurmadan ehtiyat edir və Ukraynanı üzvlüyə qəbul etməyə hazır deyil. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Ukrayna prezidenti bildirib ki, hərbi alyansın qarşısında diz çöküb yalvarmaq niyyətləri yoxdur. Zelenski vurğulayıb ki, Kiyevi üzvlüyə qəbul etməyə hazır olmadığını anlayandan sonra NATO-dan soyuyub. Həmçinin, vurğulayıb ki, Krım və Donbassın “tanınması” məsələsi ilə bağlı Moskva ilə müzakirə aparmaq, insanların yaşamı məsələsində kompromisə gəlmək mümkündür. Zelenskinin açıqlamasına münasibət bildirən Kreml sözçüsü Dmitri Peskov deyib ki, Moskvanın mövqeyi bəllidir. Onun sözlərinə görə, Krım Rusiya “regionudur” və bunu de-fakto və de-yure tanımaq lazımdır: “Luqansk və Donetsk “xalq respublikaları” isə müstəqil dövlətlərdir”. 

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə bildirib ki, Zelenskinin açıqlamaları Qərbin dəstəyini artırmaq üçün manevr xarakterli deyil. Daha çox Rusiya işğalını dayandırmaq məqsədilə Moskvaya ünvanlanan mesajlardır. Ekspert hesab edir ki, Rusiyanın ağır tələblərindən imtina edəcəyi inandırıcı deyil:

 “Ukrayna rəhbərliyi müharibə meydanındakı mövcud vəziyyətdən çıxış edərək, Kremlin şərtlərini dəyişdirə biləcəyi, ən azı “uzunmüddətli atəşkəs”ə razı olacağı ehtimalını dəyərlənirir. Zelenskinin bu təklifi Ukrayna-Rusiya xarici işlər nazirlərinin Türkiyədə keçiriləcək görüşündən öncə irəli sürməsi təsadüfi deyil. Lavrovun martın 10-da Kuleba ilə Antalyada görüşə razı olması da Moskvanın real vəziyyət fonunda şərtlərini müzakirə etmək niyyətindən xəbər verir. Türkiyə masası hər iki tərəf üçün sərfəlidir. Rusiya üçün Fransa və Almaniyanın vasitəçiliyi Qərb cəbhəsi qarşısında “geri çəkilmək”, Çinin vasitəçiliyi isə strateji “rəqib” kimi gördüyü bu ölkənin önə çıxması deməkdir. Türkiyə həm Qərb cəbhəsinə qarşı təklənməmək üçün lazımlıdır, həm də regional kartları paylaşa biləcəyi ölkədir. Türkiyə masasında Kiyev kompramisə getsə belə, bunun rusların ağır şərtləri çərçivəsində olmayacağı imkanı böyükdür”. 

A.Nərimanlıya görə, Zelenski mövcud vəziyyətdə ən unikal variantı təklif edir: 

“Təklif edir ki, ABŞ, Fransa, Almaniya və qonşu Türkiyənin iştirakı ilə Ukraynaya aid kollektiv təhlükəsizlik sazişi imzalansın. Bu, Rusiyanın istədiyi “neytral status”un Kiyevin maraqlarına uyğun olan fərqli forması hesab oluna bilər. Ukrayna NATO-ya inteqrasiya məsələsini arxa plana keçirir, Rusiya hücumdan əl çəkir və adıçəkilən ölkələrin iştirakı ilə onun təhlükəsizliyinə kollektiv zəmanət verilir. Digər yandan Krım və Donbass məsələsində hər iki ölkəni də qane edəcək həll yolu tapılır. Zelenski bildirir ki, “Ukraynanın bir hissəsi olmaq istəyən insanlar orada necə yaşayacaq, özünü Rusiya vətəndaşı kimi görənlər nə düşünür?! Biz Krımı Rusiyanın ərazisi kimi tanıya bilmərik, Rusiya da buranın Ukrayna ərazisi olduğunu etiraf etməyəcək”. Mümkündür ki, Kiyevin Krım və Donbass məsələsində güzəşti bu bölgələrdə birgə idarəçilik modelinin yaradılması kimi təklifləri ola bilər. Rusiyanın bunu qəbul edəcəyi ehtimalı zəifdir. Hərçənd, istisna deyil ki, müharibənin gedişi və vaxt uzandıqca sanksiyaların əyani təsiri Moskvanı “minimum qazanca” məcbur etsin. Martın 10-da Türkiyənin vasitəçiliyi ilə keçiriləcək görüşdə müəyyən irəliləyişlər də mümkündür. Lakin rusların masada maksimum istəklərinə nail olmaq üçün hücumların miqyasını artıracağı bəllidir”.