Makron dialoqa üstünlük verməyə başladı



Rəsmi Paris gördü ki, Azərbaycan haqlı mövqeyindən qətiyyən geri çəkilmir

"Son aylar Fransa Azərbaycanla Ermənistan arasında sülh prosesinə nail olmağa çalışır və bu yöndə tərəflərə çağırış edir"

   Ermənistan Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfər edib. Paşinyan Parisdə Fransa lideri Emmanuel Makronla görüşəcək və “Ambisiyalar: Ermənistan-Fransa” forumuna qatılacaq. Ermənistanın nümayəndə heyətinin tərkibinə Xarici işlər naziri Ararat Mirzoyan, səhiyyə naziri Anait Avanesyan, Ərazilərin idarəedilməsi və infrastruktur naziri Qnel Sanosyan və s. vəzifəli şəxslər daxildir. Xatırladaq ki, Fransa Prezidenti E.Makron Fransa və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

Məktubda vurğulanıb ki, Fransa müzakirə etdiyi bütün mövzularda irəliləyişə nail olmaq üçün öz dəstəyini verməyə hazırdır. Rəsmi Paris həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi, regionda ədalətli, davamlı sülh və rifah mənbəyi üçün səyləri dəstəkləmək öhdəliyinə tam sadiq olduğunu bəyan edib. Mövcud Rusiya-Ukrayna müharibəsi, Qərbin Kremlə tətbiq etdiyi sərt sanksiyalar və Qarabağdakı separatçıların təxribatları fonunda Paşinyanın səfəri diqqət çəkir. Ekspertlərin fikrincə, erməni baş nazir müəyyən məsələlərdə Fransadan dəstək almaq üçün Makronla görüşə xüsusi ümid bəsləyir. 

Paşinyanın Fransa səfərini “Şərq”ə təhlil edən politoloq Turab Rzayev deyib ki, Fransanın Ermənistanla münasibəti rəsmi Parisin Bakı ilə əlaqələrindən tamamilə fərqlənir. Ekspert vurğulayıb ki, Fransada erməni diasporası və elitası çox güclü fəaliyyət göstərir:

 “Fransanın idarəetməsində və xarici siyasətində erməni diasporasının əhəmiyyətli rolu var. İki ölkənin bundan sonra daha sıx əməkdaşlıq edəcəyi şübhəsizdir. Ancaq Fransa hökuməti onun da fərqindədir ki, Azərbaycanla təhdid və təzyiq dilində danışmaq qeyri-mümkündür. Rəsmi Paris gördü ki, Azərbaycan tərəfi haqlı mövqeyindən qətiyyən geri çəkilmir. Bakını itirmək istəməyən Makron hökuməti Azərbaycanla dialoqa, ikili münasibətlərin inkişafına üstünlük verməyə başladı. Son aylar Fransa Azərbaycanla Ermənistan arasında sülh prosesinə nail olmağa çalışır və bu yöndə tərəflərə çağırış edir. Məlumdur ki, Paşinyanı Zəngəzur dəhlizi çərçivəsində dəmiryol xəttinin çəkilməsinə və sərhədlərin müəyyənləşməsi prosesinin başlanmasına razı salan da məhz Fransa və Avropa İttifaqıdır. Ermənistan baş nazirinin Fransa səfəri və Makronla görüşü rəsmi Parisin proseslərə baxışını dəyişməyəcək. Ola bilsin, Makron ermənilərə xoş gəlmək üçün yenə nələrsə söyləyəcək, ermənipərəst müəyyən açıqlamalar verəcək. Ancaq bunun Azərbaycan-Fransa münasibətlərinə zərər vuracağını düşünmürəm”.