Rus sülhməramlılarının bir hissəsi Qarabağdan çıxarılır

Sanksiyalar dərinləşir, Kreml maliyyə çətinliklərinə görə kənar bölgələrdə hərbçilərini saxlaya bilməyəcək

Rusiya Silahlı Qüvvələrinin hərbi kalonunun Laçın dəhlizi ilə Xankəndidən yola düşməsi faktı qeydə alınıb. Bununla bağlı video-görüntülər yayılıb. Bəzi iddialara görə, rus hərbçiləri Ukrayna ilə müharibəyə cəlb olunacaqlar. Həmçinin, başqa bir versiyaya görə, hərbçilərin bir hissəsi Gümrüdəki 102-ci bazaya köçürüləcək, Gümrüdə olanlar isə Ukrayna ilə müharibə üçün yola düşəcəklər. 

Mediada yayılan video-görüntü ilə bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, rus “sülhməramlı”ları Azərbaycan ərazisində müvəqqəti yerləşdirilib və ölkə ictimaiyyətində rus “sülhməramlıları”na münasibət birmənalı deyil. Partiya funksioneri bildirib ki, ruslar Qarabağa “sülh” yaratmaq yox, Moskvanın siyasətini həyata keçirtmək üçün yə gəliblər: 

“Video-görüntülərə keçməzdən öncə onu deyim ki, Qarabağda baş verən bütün təxribatlarda, ordumuzun mövqelərinin erməni quldurları tərəfindən atəşə tutulmasında rus “sülhməramlıları”nın əli var. Rus hərbçiləri bölgədəki erməni silahlılarını təxribatlara təşviq edirlər. Rusiya hərbi maşınlarının Xankəndidən çıxışını əks etdirən video-görüntü ilə bağlı rəsmi məlumat yoxdur. Moskvadan bununla bağlı hansısa açıqlama verilməyib. Ancaq Ukrayna ərazilərini işğal edən və iki həftədən çoxdur müharibə aparan rus ordusunun itkilərinin çox olduğu məlumdur. Rusiya tərəfinin əlavə hərbi qüvvələrə ehtiyac duyduğu şübhəsizdir. 

Bu mənada Qarabağda “sülhməramlı” missiyanı yerinə yetirən rus hərbi kontingentinin bir hissəsinin Laçın dəhlizi vasitəsi ilə Ermənistana, Gümrüdəki 102-ci hərbi bazaya, oradan isə başqa bölgəyə aparılması mümkün ehtimallardandır. Həm də Qərbin hərtərəfli təzyiqlərinə, sanksiyalarına məruz qalan Rusiyada iqtisadi böhran dərinləşərsə, Kreml maliyyə çətinliklərinə görə kənar bölgələrdə hərbi qulluqçuları saxlaya, təmin edə bilməyəcək. Yayılan video-görüntülər təsdiqləyir ki, bu gedişlə rus hərbçiləri Azərbaycan torpaqlarında çox qalmayacaq. 

Ya əlavə qüvvə kimi Ukraynaya, ya da Rusiyaya geri dönəcəklər. Rusiya “sülhməramlı”ları əvvəl-axır Azərbaycan ərazisini tərk edəcəklər. O zaman ruslara arxayın olan erməni separatçıları da himayəsiz və dəstəksiz qalacaqlar”.