"Rusiya  qeyri-adi addım atdı" 

Osman Gündüz: "Oğurluğa icazə verməyə başladı”  

“Rusiya sanksiyaların təsirini azaltmaq üçün daha bir qeyri-adi addım atdı, oğurluğa icazə verməyə başladı”. Bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. Ekspert bildirib ki, Rusiya kütləvi sanksiyalar səbəbindən çökən İnformasiya Texnologiyaları (İT) ekosistemi xilas etmək üçün təcili qərarlar verib: 

“Bu qərarlarda 27 yaşadək İT mütəxəssislərinin hərbidən azad edilməsi, İT şirkətlərin vergilərinin sıfırlanması, çoxsaylı güzəştlər, mütəxəssislərin evlə təmin edilməsi, mobil operatorların gəlir vergilərinin 3 faizə endirilməsi  və s. nəzərdə tutulurdu. Rusiya İT bazarının vəziyyətini nəzərdən keçirəndə müşahidə etdim ki, hökumət vəziyyətdən çıxmaq üçün daha bir inanılmaz qərar hazırlayır. Pirat proqram təminatından, oğurluq İT məhsullardan istifadə ilə bağlı cinayət məsuliyyətini və inzibati məsuliyyəti ləğv etməyə hazırlaşır. Yəni hansı qlobal İT şirkət Rusiyaya sanksiya tətbiq edibsə, onun məhsulundan oğurluq istifadə etmək dövlət və özəl sektor üçün cinayət məsuliyyəti yaratmayacaq. Hansı xarici İT məhsulun yerli variantı yoxdursa, hamısına bu qərar tətbiq ediləcək. Hökumət yerli məhsul yaradılanədək bu cür absurd qərarın qüvvədə olacağını nəzərdə tutub. Oğurluğa icazə qısa zaman kəsiyi üçün uğurlu ola bilər, amma uzunmüddətli dövr üçün yararlı olmayacaq”. 

O.Gündüz vurğulayıb ki, strateji, kritik sahələr üçün “oğurluq” məhsullardan istifadə ciddi risklər yaradacaq: 

“Nəhəng sistemlər tez-tez çökəcək. İT məhsul istehsalçıları məhsulu qorumaq üçün min cür metodlar tətbiq edirlər. Xüsusən, son dövrlərdə bu tip məhsullardan istifadə bulud texnologiyaları əsasında, abunə üsulu ilə reallaşdığından bu tip məhsullardan tam rejimdə, bütün imkanları ilə istifadə mümkün olmayacaq. Güman etmək olar ki, xarici istehsalçılar da piratçılıqla mübarizə üçün əlavə texnoloji və hüquqi proseduralar müəyyən edəcəklər”.