Xalq daha loyal namizədə səs verəcək

Fransada erməni lobbisinin təsir imkanları tamamilə zəifləyib

"Heç bir fransız ölkənin başında irqçi, rasist, radikal siyasətçi görmək istəməz"

   Fransada keçirilən prezident seçkilərinin ilk turunun nəticələri qlobal proseslərin bu ölkənin vətəndaşları üçün əhəmiyyət kəsb etmədiyini bir daha sübuta yetirdi. Seçkilərin həm birinci, həm də ikinci turunda aparılan təbliğat kampaniyalarında verilən vədlərin mütləq əksəriyyətinin sosial məsələlərlə bağlı olması Fransada sosial problemlərin son illər ərzində kritik həddə çatdığını göstərir. Hazırda Fransa seçicisini narahat edən əsas problem ərzaq məhsullarının qiymətinin sürətlə artması və ərzaq məhsullarının orta və kasıb təbəqə üçün əlçatan olmayacağı barədə proqnozlardır. 

Məhz bu amili nəzərə alan fəaliyyətdə olan prezident və eyni zamanda, prezidentliyə namizəd Emmanuel Makronun sosial sferada verdiyi vədlərin ön sırasında əhalinin ərzaqla təmin olunması dayanır. Emmanuel Makron seçki kampaniyası çərçivəsində “France Bleu” telekanalındakı çıxışında qiymət artımı ilə bağlı əhaliyə ərzaq talonlarının verilə biləcəyini deyib. Makron qeyd edib ki, o, yenidən prezident seçiləcəyi təqdirdə kasıb və orta təbəqəni ərzaq məhsullarının bahalaşmasından və yeni böhrandan qorumaq üçün “ərzaq talonu proqramı” hazırlamağı və həyata keçirməyi planlaşdırır. 

Fransada seçkiöncəsi keçirilən sorğuların nəticələrinə və ekspertlərin rəyinə görə, seçiciləri əhalinin həyat səviyyəsinin və keyfiyyətinin aşağı düşməsi, dini və etnik ziddiyyətlər, sosial infrastrukturun yüklənməsi və digər bu kimi məsələlər narahat edir. “Erməni məsələsi” isə bu siyahıda yer almır. Bu faktın özü də sübuta yetirir ki, bu ölkədə yaşayan ermənilər siyasi hakimiyyətlərin ehtiyac duyduqları halda istifadə etdikləri kiçik və əhəmiyyətsiz geosiyasi bəhanədən başqa bir işə yaramırlar. Seçki kampaniyası Fransada erməni lobbisinin təsir imkanlarının kifayət qədər azaldığını və ölkəmiqyaslı proseslərdə heç bir əhəmiyyətə malik olmadığını nümayiş etdirdi. Bu xüsusda ermənilərin Fransa prezidentliyinə namizədlər – İdalqo və Pekresslə bağlı hesablamaları özünü doğrultmadı. Ermənilər hər iki şəxsin prezidentliyə namizəd kimi Ermənistana səfərindən və Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərində “zühurundan” da nəticə etibarilə heç bir qazanc əldə edə bilmədilər. 

Bu isə sübuta yetirdi ki, erməni lobbisinin gücü haqqında deyilənlərin Ermənistanın mif və əfsanələrdən ibarət “tarixi” kimi reallıqla yaxından-uzağa əlaqəsi yoxdur. Ermənilər təsir imkanları barədə şişirdilmiş və saxta iddialardan ibarət təbliğatlarından özlərini siyasi dairələrə sırımaq üçün istifadə edirlər. Erməni lobbisi isə əslində, yalnız bələdiyyə səviyyəsində təsirə malikdir, reallıqda isə nüfuzu kifayət qədər aşağıdır. Makron çox güman ki, seçicilərin daxili sosial problemlərdən narahatlığını, həmçinin, erməni lobbisinin zəif nəticələrini və prinsipsizliyini nəzərə alaraq əvvəlki kimi erməni məsələsinə böyük diqqət ayıra bilməyəcək”. 

Siyasi şərhçi Turan Rzayev “Şərq”ə açıqlamasında bildirib ki, Makronun rəqiblərinin az faiz səs toplaması, gözlənilən etimadı doğrultmamasının başlıca səbəbi namizədlərin verdiyi vədlərlə bağlıdır. Ekspert deyib ki, Le Penin irqçi davranışları, qaradərili insanlara radikal mövqe sərgiləməsi fransızların onlara etimadını azaldır: 

“Le Penin son açıqlamalarında açıq-aşkar rasist, irqçi, islamafob düşüncələri görə bilərik. Azanın qadağan olunması ilə bağlı çıxışları da müsəlman dünyasında heç də xoş qarşılanmadı. Ermənilər məhz o səbəbə görə əsas dəstəyi Le Penə verirlər. Ancaq hər şey seçkinin ikinci turunun nəticələrindən asılı olacaq. Heç bir fransız ölkənin başında irqçi, rasist, radikal siyasətçi görmək istəməz. Makron bu müstəvidə öz rəqiblərindən daha loyaldır. Əslində erməni lobbisi Fransa seçkilərində çoxtərəfli oynayır, bütün namizədlər üzərindən “dəstək kampaniyası” həyata keçirirlər. Hesab edirəm ki, Fransada yaşayan soydaşlarımız, türk əsilli Fransa vətəndaşları da seçki prosesində aktiv olmalı, daha loyal namizədin kampaniyasında iştirak etməlidirlər. Bu prosesdə erməni lobbisinin qarşısını almaq, onların öz məqsədlərinə çatmasına mane olmaq lazımdır”.