Rusiya Nikolun hakimiyyətdə qalmasını və razılaşmaları onun icra etməsini istəyir
Paşinyan 2026-cı il seçkilərinə hazırlaşır. Xarici oyunçular – Avropa, Rusiya və Türkiyə razılığa gəlib ki, 2026-cı ilə qədər Paşinyan hakimiyyətdə olacaq. Bu oyunçuların heç biri Paşinyanın əleyhinə olacaq addım atmayacaq, müxalifətə dəstək verməyəcək. Buna görə də Paşinyan 2026-cı ilə qədər sülh sazişini imzalamaq və cəmiyyətə sülh gətirdiyini göstərmək istəyir. Bu barədə erməni ekspert Armine Adibekyan deyib. Onun sözlərinə görə, Paşinyan hakimiyyətdə qalmaq üçün Əliyevin dediklərini təkrarlayır.
Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a vurğulayıb ki, bu açıqlamanı Ermənistanda müxalif qüvvələrin Nikol Paşinyan hakimiyyətinə qarşı təbliğatı kimi qiymətləndirmək olar:
"Burada konkret ittiham var ki, Nikol Paşinyan İlham Əliyevin dediklərini təkrarlayır. Ermənistan müxalifətinin əsas tezisi budur. Amma 2026-cı ilə qədər Nikol Paşinyanın hakimiyyətdə qalması məsələsi daha real görünür. Birincisi daxildə hakimiyyəti devirə biləcək güc yoxdur. Digər tərəfdən isə adətən hakimiyyət dəyişikliyi kənar qüvvələrin də dəstəyi ilə ola bilir. Ermənistanda hakimiyyətə qarşı olanlar isə Rusiyanın dəstəklədiyi qüvvələrdir. Bu gün Nikol Paşinyan hakimiyyəti antirusiya siyasəti aparsa da, Rusiyanın dəstəklədiyi qüvvələrin onu devirəcək gücü yoxdur. Görünən odur ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinin marağında deyil. Əgər marağında olsa idi, Rusiya daha açıq şəkildə həmin qüvvələrə dəstək verərdi. Yəni Ermənistanda hakimiyyət dəyişikliyinə kənardan dəstək də mövcud deyil. Rusiya Ermənistanla bağlı daha çox ritorik müstəvidə açıqlamalar sərgiləyir. Paşinyanın 2026-cı ilə qədər hakimiyyətdə qalması ilə bağlı Avropa, Rusiya və Türkiyənin razılığa gəldiyini söyləmək çətindir. Çünki Avropa və Rusiya bir sıra məsələlərdə ziddiyyətli mövqe ortaya qoyurlar. Rusiya əsasən kommunikasiyanın açılmasını özünün iştirak edəcəyi formatda istəyir. Bunun istinad nöqtəsi isə 10 noyabr razılaşmasıdır. Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq bunu icra etməlidirlər. Bu isə həmin şəxslərin hakimiyyətə gəlmək üçün istifadə etdiyi proqrama ziddir. Ona görə də Rusiya Nikol Paşinyanın hakimiyyətdə qalmasını və həmin razılaşmaları onun icra etməsini istəyir. Təbii ki, burada obyektiv səbəblərdən biri də Rusiyanın Ukrayna müharibəsinə başının qarışmasıdır”.