Toy mövsümü başlayıb, qızıla tələbat artıb

Ancaq bu ciddi şəkildə bahalaşmaya səbəb olacaq amil hesab edilə bilməz

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,61% artaraq 2 596,40 ABŞ dollarına bərabər olub.
Valyuta.az xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,81% artaraq 30,35 ABŞ dollarına bərabər olub.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, son bir neçə gündür ki, dünya birjalarında qızılın bir unsiyası üzrə qiymətlərdə bahalaşma əsasən dollar və euro arasındakı qiymətlərin ucuzlaşması ilə bağlıdır:

“Bilirik ki, dollar müəyyən qədər dəyər itirdiyi zaman adətən dünya birjalarında qızıla yatırım edilir. Birjalardakı faiz dərəcələrinin dəyişməsi nəticə etibarı ilə həm də kriptovalyutanın dəyər itirməsinə gətirib çıxarır. Bu gün dünya birjalarında kriptovalyutalar da dəyər itirir. Əlbəttə ki, belə olan təqdirdə dünya birjalarında uzunmüddətli yatırımlar artıq dəyər qazanmağa başlayır. Uzunmüddətli yatırımlarda isə qızıl ilk sırada gəlir. Qızıl uzunmüddətli az gəlirli yatırımlar hesab edilsə də, həm də az risk yaradan yatırımlardır. Ona görə də qızıla tələbat artıb. Belə olan təqdirdə də qızılın qiyməti bahalaşıb. Qızılın dünya birjalarında qiymətini noyabr tələbatına uyğun olaraq bağlamış əqdlər üzrə qiymətlərinin hətta 2700 dollara qədər artacağı gözləniləndir. Ancaq bunun Azərbaycanın daxili bazarına bu və ya digər şəkildə təsir edib etməyəcəyini iddia etmək çətindir. Çünki qızıl ticarətində əsasən depolama həyata keçirilir. Bu sahədə iri investisiyalar yatırılır. Hətta pərakəndə qızıl satış məntəqələrində belə gələn ilin əvvəllərinə yetəcək həcmdə qızıl ehtiyatları olur. 


Bu gün üçün qızılın qiymətinin bahalaşması yaxın aylar üçün Azərbaycanın daxili bazarında qızılın qiymətinin bahalaşmasına  gətirib çıxarmayacaq. Proses bu şəkildə davam edəcəksə, noyabrdan sonra da dollar dəyərini itirəcəksə, və yaxud da neftin dünya bazarlarında qiymətindəki tərəddüdlər davam edəcəksə, qızıl dəyər qazanmağa başlayacaq. Nəticə etibarı ilə də bu artıq yavaş -yavaş Azərbaycanın daxili bazarına da təsir göstərəcək. O zaman Azəbaycanda da qızıl bahalaşmağa başlayacaq. Nəzərə almaq lazımdır ki, belə bir dövrdə həm də bazarda psixoloji situasiya yaranıb. Toy mövsümü başlayıb. Qızıla tələbat mövsümü olaraq artmağa başlayacaq. Bəlkə də Azərbaycan bazarındakı həm tələbatın artması, həm də qızılın qiymətinin bahalaşması ilə bağlı gözləntilər psixoloji olaraq Azərbaycanın daxilində qızıl bazarına müəyyən qədər təsir göstərə bilər. Lakin bu ciddi şəkildə bahalaşmaya səbəb olacaq amil hesab edilə bilməz”.