Əgər Nuru Paşa gəlib azərbaycanlı oğullarla birləşib ermənilərə qarşı vuruşmasaydı, Azərbaycanın indiki taleyindən danışmaq çətin olardı
“Həmin dövr Azərbaycanın ən ağrılı-acılı günləridir. Azərbaycan ən dəhşətli faciələr qarşısında idi. Çünki yüzillər ərzində Rusiya imperiyası tərəfindən işğal altında saxlanılan Azərbaycan müstəqil dövlət yaratmışdı. Azərbaycan Xalq Cümhuriyyəti 24 ay yaşadı. Təəssüflər olsun ki, bolşevik silahlı qüvvələri yenidən Azərbaycanı işğal etdi. Və 70 il Azərbaycan SSRİ-nin işğal olunan ərazilərindən biri kimi Azərbaycan SSRİ dövləti adlandırıldı”
Bu fikirləri sentyabrın 15-i Bakının erməni, bolşevik, ingils birləşmələrindın azad olunması ilə bağlı “Sherg.az”a açıqlamasında AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Qasım Hacıyev deyib.
O bildirib ki, 20-ci əsrin əvvəllərində ictimai-siyasi proseslər genişlənirdi, Cənubi Qafqazda milli oyanış yaranırdı, azərbaycanlı və gürcülər müstəqillik uğrunda mübarizə aparırdı:
“Nəticə etibarilə 1918-ci ilin may ayında Tiflis şəhərində Azərbaycan Xalq Cümhuriyyəti elan edildi və paytaxtı Gəncə seçildi. Ermənilərə nə qədər şərait yaradılsa da, onlar dövlət yaratmaq barədə fikirləşmirdi. Daha sonra Ermənistan Ararat Respublikası yarandı. Amma həmin vaxta qədər ermənilər silaha sarılıb azərbaycanlılara qarşı hücumlar edib, qırğınlar törətdilər. 1918-ci ilin mart ayından aprelin ortalarına qədər Azərbaycan ərazilərində qanlı soyqırım yaratdılar. Bu hadisələr Erməni Daşnaqsütun Partiyasının üzvü olan Stepan Şaumyan tərəfindən on min nəfərlik ordunun təşkil olunması ilə başlayıb. O, Sovet hakimiyyəti yaratmaq adı altında azərbaycanlı qırğını törədirdi. Bununla bərabər Azərbaycanın müxtəlif istiqamətlərindən erməni daşnak tör-töküntüləri və hərbi birləşmələri hücuma keçdilər. Andranik Ozanyan, Lalayan, Arsen Əmiryan kimi mənfurların rəhbərliyi altında yaranan erməni quldur dəstələri Azərbaycana hər yerdən hücumlar həyata keçirdi. Onların törətdikləri qırğınlar tarixdə ən dəhşətli faciələrdən biridir. Bəlkə də ermənilərin törətdikləri vəhşiliklər tarixin başqa nöqtəsində görünməyib. Bakı şəhərində erməni silahlıları 14 minə qədər azərbaycanlı öldürdülər. Həmin silahları isə Rusiya ordusu vermişdi. Bakı şəhəri dəhşətli vəziyyətdə idi. Bakı şəhərində elə vəhşiliklər törətmişdilər ki, onları göz önünə gətirəndə insanın başının tükü ürpəşir. Onların insanlara qarşı törətdikləri iyrənc əməlləri saymaqla bitmir”.
Tarixçi bildirib ki, Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu Azərbaycana daxil olduqdan sonra azərbaycanlılarda böyük ümid yarandı:
“Nuru Paşa ilk gəlişi Gəncəyə olub. Şahidlərin dediklərinə görə Gəncədə Nuru Paşanı o qədər yüksək əhval-ruhiyyə ilə qarşıladılar ki, səsdən qulaq tutulurdu. Çünki Nuru Paşa türk idi və türkü qorumağa gəlmişdi. Daha sonra Türkiyə Nuru Paşaya xəbər göndərdi ki, topladığı ordu azdır. Həmin vaxt da bir neçə minlik döyüşçü göndərdilər. Daşnaksütun Partiyasının yerli rəhbərləri tərəfindən Azərbaycanda toplanan erməni döyüşçüləri və qonşu ölkələrdə olan daşnaq tör-töküntülərinin yaratdığı dəstələr Bakıya doğru hərəkət edirdilər. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Qurd Qapısından dağ yoxuşunu çıxaraq şəhərə daxil oldular. Şəhərin içərisində ermənilərə elə divan tutdular ki, onların sağ qalanları başlarını götürüb qaçdılar. Nuru Paşanın ordusu azərbaycanlı qüvvələrlə birləşərək erməniləri Bakıdan qovdu. 15 sentyabr Azərbaycan dövlətçiliyinin xilaskarlıq günü sayılır. Əgər Nuru Paşa gəlib azərbaycanlı oğullarla birləşib ermənilərə qarşı vuruşmasaydı, Azərbaycanın indiki taleyi necə olardı demək çətindir. Həmin dövrdə Rusiyadan Azərbaycana göndərilən tarixçilər Azərbaycan tarixində bir məsələni belə düzgün, obyektiv yazmağa icazə verilmirdilər. Hətta yadımdadır rus tarixçisi Tokarjevski gözümün qarşısında söyləmişdi ki, əgər Qızıl Ordu gəlməsəydi Nuru Paşanın başçılığı ilə türk döyüşçü dəstələri Bakı əhalisini qıracaqdı. Belə hadisələri törədən Qırmızı Ordu və Ermənistanın arxasında duranlar utanmadan tariximizi də saxtalaşdırırdı”.