Kreml hiddətlənməyəcək

Tokayev ən doğru olan addımı atdı

Qazaxıstan prezidenti Rusiyanı tərk etmiş investorları ölkəsinə çağırır


  Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya bazarını tərk edən şirkətlərin ölkədə yerləşdirilməsi üçün əlverişli şəraitin yaradılması barədə tapşırıq verib. O, bu barədə hökumətin iclası zamanı deyib: “Biz investisiya kapitalı uğrunda qlobal mübarizənin şahidi oluruq. Rusiyada fəaliyyət göstərən 1,4 minə yaxın şirkətdən demək olar ki, hər ikinci şirkət bazarı tamamilə və ya qismən tərk edib. Hökumət bu şirkətlərin Qazaxıstanda yerləşdirilməsi üçün əlverişli şərait yaratmalıdır”. Tokayev vurğulayıb ki, bu addım Qazaxıstana məhsul istehsalının genişləndirilməsi üçün imkanlar yaradacaq. 

  Tokayevin təşəbbüsünü “Şərq”ə dəyərləndirən iqtisadçı Pərviz Heydərov bildirib ki, Rusiyadan investisiyaların geri çəkilməsi dünyada və regionda investisiya bazarında mübarizəni və rəqabəti daha da kəskinləşdirdi. Ekspertə görə, bu və ya digər ölkələrdən çıxan investorların digər dövlətlərə yönəlməsi təbii haldır:

 “Qazaxıstanın Rusiyadan çıxmış investorları öz ölkəsində görmək istəməsi, bunun üçün səy göstərməsi Moskvanı qıcıqlandıran amil sayılmamalıdır. Bu, normal mövqedir. Qazaxıstan da böyük resurslara sahib, potensialı böyük ölkədir. Keçmiş müttəfiq respublikalar sırasında Rusiyadan sonra Ukrayna və Qazaxıstan qədər böyük potensiala malik ölkə yoxdur. Əgər müvafiq şərait yaradılarsa, Rusiyadan sanksiyaya görə uzaqlaşmış şirkətlər Qazaxıstanda əlverişli mühit görərlərsə, öz bizneslərini Orta Asiya ölkəsinə məmnuniyyətlə köçürə bilərlər. Sizə deyim ki, qazancları heç də Rusiyadan az olmaz. Tokayevin də açıqlaması xarici investorlar üçün bir çağırışdır. Burada qeyri-adi heç nə yoxdur. Rusiyanın Tokayevin çağırışına qəzəblənməsi əsassız və məntiqsiz olar. Rusiyadan çıxmış şirkətlər də öz bizneslərini postsovet ölkələrinə yönəltməkdə maraqlıdırlar. Qazaxıstan keçmiş sovet respublikaları arasında ən əlverişlisidir”.