Bakı Paşinyanın son siyasətini ciddi izləməlidir

İrəvan Ankara ilə yaxınlaşaraq, daxildə müxalifəti zəiflədib Azərbaycanla sülhə nail olmağa çalışacaq

"Hətta Ermənistan və Azərbaycan liderlərinin birbaşa telefon danışıqlarına da ehtiyac var. İkitərəfli telefon diplomatiyası bir çox məsələləri yoluna qoya bilər"


  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyanın ilk dəfə telefon danışığı müzakirə olunmaqdadır. Ərdoğanın ofisindən yayılan rəsmi məlumatda bildirilib ki, hər iki lider bir sıra məsələlərdə razılaşma əldə edib. Bu razılığa görə, üçüncü ölkələrin vətəndaşları Ermənistan-Türkiyə sərhədindən istifadə imkanı əldə edəcəklər. Liderlər Ermənistanla Türkiyə arasında hava yükdaşımalarının ən qısa zamanda qurulması barədə də razılığa gəliblər. Xatırladaq ki, bundan bir həftə öncə Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında Vyanada 5-ci görüş baş tutub. 

Ekspertlərə görə, təmasları və telefon danışığını ikitərəfli dialoqda və danışıqlarda kiçik irəliləyiş saymaq olar. Hətta yaxın gələcəkdə iki ölkə liderinin beynəlxalq konfrans çərçivəsində görüşəcəyi də istisna edilmir. Böyük ehtimalla görüşü hazırlamaq üçün hər iki ölkənin diplomatlarına tapşırıq verilib.

  Politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan əlaqələrində Türkiyə faktoru önə çıxır. Analitikin fikrincə, Ermənistanın Azərbaycanla danışıqlar prosesindən yayınması növbəti hərbi eskolasiyaya gətirməyəcək:

 “Baş nazir Nikol Paşinyan hazırda Türkiyə ilə yaxınlaşmaq siyasəti aparır. Türkiyə ilə münasibətlər normallaşarsa, İrəvan Azərbaycanla ikitərəfli masa ətrafında əyləşəcək. Ankara bu istiqamətdə Ermənistan hakimiyyəti ilə danışıqlar aparacaq. Məhz Paşinyan hazırkı mərhələdə Brüssel danışıqlarından çəkinir və Kremlin ordu daxilində mövqeyindən çəkinərək sülh anlaşılmasına getmir. Baş nazir ölkə daxilində Rusiya bağlı müxalifəti zəiflətmək siyasəti həyata keçirir. Ordu daxilində Rusiyaya bağlı qruplar da qalmaqdadır və onlar “Qarabağ klanı”na dəstək verirlər. Paşinyanın bütün cəhdlərinə baxmayaraq, daxildən və xaricdən təzyiqlər onu Brüssel formatında əldə olunan razılaşmaları yerinə yetirməməyə sövq edir. Ona görə də Paşinyan daxildə ordunun müəyyən qrupunun siyasətə təsirini zəiflədəcək və müxalifətin imkanlarını parçalayacaq. Artıq parlamentdə bunu etməyə başlayıb”. 

  Həmsöhbətimiz vurğulayıb ki, rəsmi Bakı Paşinyanın son siyasətini yaxından izləməlidir:

 “İrəvan Ankara ilə yaxınlaşaraq, daxildə müxalifəti zəiflədib Azərbaycanla sülhə nail olmağa çalışacaq. Ermənistanda daxili siyasi vəziyyət mürəkkəb və həssasdır. Müxalifətin etirazları fiaskoya uğradığına görə, “B” planı işə salınıb. Türkiyə ilə sülh anlaşılmasının qarşısını almaq üçün hərbi çevrilişə cəhd oluna bilər. Ermənistanla siyasi-hərbi müstəvidə əsas məsələdə Prezident İlham Əliyevin əsas strateji planı sülhə nail olmaq və İrəvanı buna məcbur etməkdir. Hətta Ermənistan və Azərbaycan liderlərinin birbaşa telefon danışıqlarına da ehtiyac var.
  İkitərəfli telefon diplomatiyası bir çox məsələləri yoluna qoya bilər. İkitərəfli danışıqlarda Ermənistan Qarabağ iddiasından geri çəkiləcək. Hətta qarşılıqlı ərazi bütövlüyünün tanınması da mümkündür. Növbəti aylardan Ermənistan-Azərbaycan münasibətlərinə aydınlıq gələcək”.