Ermənistan qanuna dəyişikliyə hazırlaşır

İrəvan Türkiyə ermənilərinin Ermənistan vətəndaşlığı ala biləcəklərindən əndişələnir

  Ermənistanın Milli təhlükəsizlik xidməti “Vətəndaşlıq haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsini ictimai müzakirəyə təqdim edib. Layihədə “diaspor erməniləri”nin Ermənistan vətəndaşlığı almaları üçün prosedurların sərtləşdirilməsi nəzərdə tutulur. Layihə müəlliflərinin açıqlamalarına görə, xaricdə yaşayan ermənilər üçün vətəndaşlıq alma prosedurunun sərtləşdirilməsinin əsas səbəbləri bölgədəki vəziyyət, Ermənistan vətəndaşlığı alan şəxslərin sonradan ölkəyə gəlməmələri və erməniliyin xeyrinə fəaliyyət göstərməmələridir. 

Hazırda qüvvədə olan qanuna görə, istənilən xarici ölkədə yaşayan erməni Ermənistana ayaq basan kimi vətəndaşlıq almaq üçün müraciət edə bilər. Ermənistanın Milli təhlükəsizlik xidmətinin qanuna əlavə və dəyişikliklərlə bağlı açıqlamasında isə qeyd olunur ki, əsasən Yaxın Şərq, Suriya, Livan və İordaniyadan gələn və erməni olduqlarını iddia edən şəxslər Ermənistan vətəndaşlığı almaq üçün daha çox müraciət edir. Vətəndaşlıq aldıqdan sonra Ermənistana 4-5 ildə bir dəfə gəlir və yaxud, ümumiyyətlə gəlmirlər.
  Siyasi şərhçi Elçin Mirzəbəylinin qənaətinə görə, “diaspor erməniləri” üçün vətəndaşlıq alma şərtlərinin sərtləşdirilməsinin əsas və təbii ki, açıqlanmayan səbəblərindən biri Milli təhlükəsizlik xidmətinin açıqlamasında dolayısıyla etiraf olunub. 

Analitikin fikrincə, Ermənistan hakimiyyəti Yaxın Şərq, Suriya, Livan, İordaniya, əsasən Türkiyə, İran və digər müsəlman ölkələrindən olan şəxslərin Ermənistan vətəndaşlığı ala biləcəklərindən ehtiyatlanır: 

“Vətəndaşlıq haqqında” qanuna əlavə və dəyişikliklərin Türkiyə ilə münasibətlərin normallaşması, eləcə də Türkiyə-Ermənistan sərhədlərinin minalardan təmizlənməsi fonunda ictimailəşdirilməsi narahatlığın daha çox Türkiyə ilə bağlı olduğu ehtimalını yaradır. Ola bilsin ki, rəsmi İrəvan Türkiyədə yaşayan və öz ölkələrinə bağlı olan ermənilərin Ermənistan vətəndaşlığı ala biləcəklərindən və bu halın kütləviləşəcəyindən əndişələnir. 

Digər tərəfdən, Suriyada, Liviyada, İraqda baş verən vətəndaş müharibələri bu ölkələrdəki miqrasiya proseslərini nəzarətdən çıxarıb. Bu, sözügedən dövlətlərdə arxivlərin məhv edilməsi nəticəsində vətəndaşlıq üçün müraciət edən şəxslərin erməniliyini dəqiqləşdirən sənədləri əldə etmək mümkün deyil. 

Məhz bu səbəbdən, qanuna edilən əlavə və dəyişikliklərdə vətəndaşlığın, yalnız diaspor təşkilatları və Ermənistanla sıx əlaqədə olan, “erməniliyə xidmət edən”, yəni erməni olduğu şübhə doğurmayan şəxslərin Ermənistan vətəndaşlığı almalarına üstünlük verilməsi nəzərdə tutulur”.