Bakı Avropa İttifaqının fəallığından məmnundur

Azərbaycan Brüsseldə keçirilmiş görüşlərin nəticəsini gözləyir

  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel birliyin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı yenə bölgəyə göndərib. Klaar İrəvanda görüşlərini bitirdikdən sonra Bakıya gəlib. Xüsusi nümayəndə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də qəbul edilib. 

Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması, kommunikasiyaların açılması, Azərbaycanın üzləşdiyi mina problemi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş soydaşlarımızla bağlı mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Dövlət başçısı Brüsseldə keçirilmiş görüşlərin nəticəsi olaraq əldə edilmiş razılaşmaların həyata keçirilməsinin və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin vacibliyini vurğulayıb.
 
  Politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, kommunikasiyaların açılması, Azərbaycanın üzləşdiyi mina problemi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş soydaşlarımızla bağlı məsələlər həllini tapmasa da, rəsmi Bakı Brüsselin vasitəçiliyini fəal surətdə keçirməsindən məmnundur: 

“Məmnun olmayan Kremldir. Brüsseli qabaqlamaq istəyən Kreml yaxın günlərdə bölgəyə təmsilçisini göndərəcək. Yaxud tərəfləri yenidən Moskvaya toplayacaq. Nəticə isə həmişəki kimi olacaq. Prezident İlham Əliyev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxanini də qəbul edib. Brüsseldən fərqli olaraq Tehran Ermənistanla Azərbaycan arasında vasitəçi deyil, bu heç bizə lazım da deyil. Əli Şamxani ilə müzakirə ediləcək başqa mövzu var. İran ərazisindən Azərbaycana keçmək istəyən silahlı narkoticarətçilərin sayı azalmır. Təhlükəsizlik Şurasının katibi kimi Əli Şamxanı bu məsələyə əncam çəkməlidir”.