Paşinyanın  CİA direktoru  ilə görüşünü Rusiya xüsusi həssaslıqla araşdıracaq  - Təhlil

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün Rusiyanın hərbi müttəfiqi Ermənistana səfəri olduqca maraqlı proseslərdən xəbər verir. Rusiya artıq buna neqativ reaksiya verməyə başlayıb. Rusiya səfirinin gözlənilmədən Şuşaya səfər etməsini də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi şefinin İrəvan səfərinə Kremlin cavab reaksiyası hesab etmək olar. Rusiya KİV-ləri artıq Paşinyan hakimiyyətini hədəfə alıblar. Və bu, hələ başlanğıcdır.

Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında deyib ki, böyük ehtimalla CİA direktorunun Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşünü Rusiya xüsusi həssaslıqla araşdıracaq. 

Analitikə görə, yəqin erməni baş nazir də prezident Vladimir Putinə zəng edib, onu görüşlə bağlı məlumat verəcək: 

"Ancaq CİA direktorunun erməni baş nazir ilə görüşü sadəcə, telefon zəngi ilə izah ediləcək məsələ deyil. Böyük ehtimalla bu görüşün nəticələri Ermənistan baş naziri Nikol Paşinyanın yaxın perspektivdə Rusiyaya münasibətdə tutacağı mövqe və davranışlarla ortaya çıxmağa başlayacaq. Hər halda, CİA şefinin Ermənistana təşrifinin sıradan bir səfər olmadığını Kremldə anlamamış deyillər. Çünki, ABŞ xüsusi xidmət servislərinin şeflərinin analoji səfərləri və yüksək səviyyəli görüşləri nadir hadisədir".

Ekspert qeyd edib ki, adətən, dövlətlər ilə təmasları, xüsusilə də Ermənistan kimi kiçik ölkələrlə ünsiyyəti ABŞ Dövlət Departamentinin təmsilçiləri reallaşdırırlar: 

"İndi nədənsə, CİA direktoru şəxsən erməni baş nazir ilə qapalı görüş keçirir. Yəni, Rusiya-Ermənistan münasibətlərində yeni, ziddiyyətli və həm də çox maraqlı mərhələnin başlana biləcəyi qətiyyən istisna deyil".