Xarici siyasət həmişə prioritetdir

Azərbaycan beynəlxalq təşkilatlarla əlaqələri gücləndirməklə etibarlı tərəfdaşa çevrilir

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

  Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin 6 ayının yekunlarına dair keçirdiyi müşavirədə geniş nitqi həmişə olduğu kimi proqram xarakteri daşıyırdı. Dövlət başçısının açıqlamaları ölkənin inkişafı ilə bağlı bütün strateji hədəfləri müəyyən edirdi. Heç şübhəsiz, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan xalqının rifahının yüksəldilməsi, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi və dövlətimizin daha da güclənməsi dayanır. Dövlət başçısı verdiyi bütün vədlərə həmişə sadiq olub və qarşıya qoyulmuş vəzifələrə vaxtında və artıqlaması ilə nail olunub.

Bu gün Azərbaycan bütün sahələrdə olduğu kimi xarici siyasətdə də böyük uğurlar qazanır. Beynəlxalq təşkilatlar çərçivəsində fəallığını durmadan artırır. Azərbaycan dünyanın aparıcı ölkələri və güc mərkəzləri ilə qarşılıqlı səmərəli əməkdaşlıq edir. Bunun nəticəsidir ki, indi ölkəmiz dünyanın çox etibarlı və əvəzedilməz tərəfdaşına çevrilib. Bütün bunlar Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində mümkün olub.

 Dövlət başçısı da müşavirədə xüsusilə vurğulayıb ki, xarici siyasətimiz çox fəal olub və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb: 

“Nəticələr arasında, əlbəttə ki, Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizi qeyd etmək istərdim. Bizim sədrliyimiz bildiyiniz kimi, 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanıb və bizə olan inam bu illər ərzində daha da artıb. Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır”. Prezident digər beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq edildiyini bəyan edib: 

“Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının yeni baş katibi Azərbaycana səfər etmişdi. Biz bu təşkilatla çox fəal əməkdaşlıq edirik. Əslində biz bu təşkilatın çox fəal üzvüyük və bizim təşəbbüsümüzlə Azərbaycanda bir çox tədbirlər keçirilib. 

Bu dəfə isə yeni seçilmiş Baş katib, eyni zamanda, azad edilmiş torpaqlara səfər edib - Füzuliyə, Şuşaya. Əlbəttə ki, biz görüş zamanı Ermənistanın Azərbaycana qarşı, bizim mədəni irsimizə qarşı törətdiyi vandalizm haqqında danışmışıq. Bu gün azad edilmiş torpaqlara səfər edən hər bir insan, - istər Azərbaycan vətəndaşı olsun, istər xarici vətəndaş olsun, - erməni vəhşiliyinin təzahürlərini öz gözü ilə görür. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində öz fəaliyyətimizi bundan sonra da uğurla davam etdirəcəyik”. Ölkə rəhbəri Avropa İttifaqı ilə Azərbaycanın əlaqələrinə də təmas edib. Vurğulayıb ki, bu il Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparılıb: “Bildiyiniz kimi, biz yeni saziş üzərində işləyirik. Sazişin böyük hissəsi razılaşdırılıb və razılaşdırılmamış məsələlər də müzakirə olunur. 

Ümid edirəm ki, yaxın gələcəkdə bütün məsələlər razılaşdırılacaq. Avropa İttifaqı Şurasının Prezidenti ilə mənim bir neçə görüşüm olub, həm də telefon danışıqlarımız olub və əlbəttə ki, əsas mövzu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasıdır. Ancaq eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır. Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır”.

  Prezident diqqətə çatdırıb ki, qonşu ölkələrlə əlaqələrimiz hər zaman bizim üçün əsas prioritetlərdən biri olub və bu il bu istiqamətdə addımlar atılıb: “Mənim Rusiya, İran, Gürcüstan prezidentləri ilə görüşlərim bir daha bunu göstərir. Eyni zamanda, Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılıb, yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilib. Amerika Birləşmiş Ştatlarının Prezidenti mənə iki dəfə məktub göndərib - həm Müstəqillik Günü ilə bağlı, həm Bakı Enerji Həftəsinin açılışı ilə bağlı. Mənim də cavab məktublarımda və mənə göndərilən məktublarda da əlaqələrimizin önəmi xüsusilə qeyd olunmuşdur. Bu əlaqələrin həm böyük tarixi və gözəl gələcəyi var. Yəni bir sözlə, əsas güc mərkəzləri ilə, eyni zamanda, əsas beynəlxalq təşkilatlarla, baxın, cəmi bu altı ay ərzində nə qədər böyük işlər görülüb. Əgər ümumiyyətlə, son illərin tarixçəsinə nəzər salsaq görərik ki, Azərbaycan hər istiqamət üzrə irəliləyib. Bizim mövqeyimiz hər zaman müstəqil mövqe olub, biz hər zaman öz mövqeyimizi açıq nümayiş etdirmişik, o cümlədən buna görə dünyada böyük hörmət qazanmışıq. Həmişə sözümüzdə dururuq, həmişə verilən sözə sadiqik”. 

  Millət vəkili, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov “Şərq”ə bildirib ki, ölkə başçısının həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasət nəticəsində uğurla inkişaf edən Azərbaycan bu gün beynəlxalq nüfuz sahibinə çevrilib. Deputatın sözlərinə görə, Azərbaycanın beynəlxalq arenada oynadığı rol, göstərdiyi həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün verilən humanitar, maliyyə dəstəyi ölkəmizin beynəlxalq nüfuzunu böyük dərəcədə artırıb: 

“Bundan əlavə, ölkəmizin beynəlxalq təşkilat və təsisatlarda əsas ölkələrdən biri olaraq çıxış etməsi deyilənlərə bariz nümunədir. Bu sırada Qoşulmama Hərəkatındakı uğurlar xüsusi olaraq qeyd olunmalıdır. Azərbaycanın sədrlik müddətinin 2023-cü ilə qədər uzadılması onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanıb. Ölkəmizə olan inam bu illər ərzində daha da artıb. Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafına böyük töhfə vermiş ölkədir. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması oldu”. 
  Parlament üzvü qeyd edib ki, ölkə başçısı ölkəmizin Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı, eyni zamanda qonşu ölkələrlə olan münasibətləri haqqında da məlumat verərək əməkdaşlıqların yüksək səviyyədə olduğunu qeyd edib: “Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində hər zaman fəallıq göstərir və türk dövlətləri ilə əlaqələrin inkişafı ölkəmiz üçün prioritet məsələlərdən biridir. Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparıldığını bildirən Prezident cənab İlham Əliyev yaxın günlərdə tərəflər arasında önəmli sənədin - enerji təhlükəsizliyi ilə bağlı sənədin imzalanacağını və bununla da əməkdaşlığın daha yüksək səviyyəyə yüksələcəyini bildirdi. Son dövrlər ərzində Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində də  önəmli addımlar atılıb. Yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilib. Amerika Birləşmiş Ştatlarının Prezidenti Prezident İlham Əliyevə iki dəfə - həm Müstəqillik Günü ilə bağlı, həm də Bakı Enerji Həftəsinin açılışı ilə bağlı məktub göndərib. Bu, Amerika-Azərbaycan əlaqələrinin böyük tarixə malik olmasından, həmçinin əlaqələrin gözəl gələcəyindən xəbər verir”.