Nazirlərin Tbilisi görüşündə gözlənilən nəticə olmadı

Asif Nərimanlı: "Bakı bundan sonra iki istiqamətdə hərəkət edə bilər"

Məhəmməd Əsədullazadə: "Prosesdə irəliləyişin olması üçün Türkiyə də Ermənistana təsir göstərir"

  İyulun 16-da Tbilisidə Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan arasında ilk dəfə ikitərəfli görüş keçirildi. 3 saat davam edən görüşdə tərəflər müxtəlif məsələləri hərtərəfli şəkildə müzakirə ediblər. Nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar. Bununla bağlı hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar. Bununla belə, danışıqların birinci raundunun konkret nəticə vermədiyini söyləmək mümkündür. Bütün hallarda Tbilisidə keçirilən görüş bir ilk idi və danışıqların ilk raundunda konkret nəticələrin əldə olunmaması heç də təəccüblü deyil. 

Görüş sonrası rəsmi Bakı və İrəvanın açıqlamaları da diqqət çəkir. Sevindirici hal odur ki, hər iki tərəf münasibətlərin normallaşmasını istəyir, tərəflər bu formatda dialoqun davam etdirilməsinə razılaşıblar. Lakin fikir ayrılıqları da kifayət qədərdir. Azərbaycanın hazırda əsas tələbləri bunlardır: - Erməni silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarılmalı, Ermənistan “status” istəyinə son qoymalı, Zəngəzur dəhlizinə mane olmamalı və dəhlizin ərazisindən keçən hissəsində işlərə başlamalıdır. Həmçinin, rəsmi İrəvan ATƏT-in Minsk Qrupunun bərpası səylərinə də son qoymalıdır. Ən əsası isə delimitasiya və demarkasiya prosesi sürətləndirilməlidir. Rəsmi Bakı bu və digər məsələlərin növbəti 27 il ərzində deyil, ən qısa zamanda həllini istəyir. Prezident İlham Əliyevin müşavirədə toxunduğu məqamlar da bunu təsdiqləyir. Növbəti görüşün harada və nə vaxt baş tutacağı ilə bağlı da məlumat yoxdur. Gürcüstanın Xarici işlər naziri İliya Darçiaşvili “Biz gələcək görüşlərin vaxtı barədə danışmadıq” deyib. Ekspertlərə görə, bu, mənfi haldır, çünki həllini gözləyən məsələlərin həlli üçün növbəti görüşün ən qısa zamanda keçirilməsi vacibdir. 

  Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə deyib ki, Bakı və İrəvanın görüşlə bağlı rəsmi açıqlamalarında üst-üstə düşən və fərqli məqamlar var. Ekspert bildirib ki, üst-üstə düşən məqamlar odur ki, hər iki tərəf münasibətlərin normallaşmasını istəyir:

 “Eyni zamanda Ermənistan Bakıda həbsdə olan “hərbi əsir” hesab etdiyi erməni terrorçuların qaytarılmasını, Azərbaycan itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsini tələb edir. Fərqli məqamlar isə görüşün nəticələrini və hadisələrin mümkün inkişafını müəyyənləşdirir. Bakı üçtərəfli razılaşmaların bütün bəndlərinin icrasını tələb edir. Bura Rusiya tərəfinin iyun ayına qədər çıxarılmasına söz verdiyi, lakin vədini yerinə yetirmədiyi 4-cü bəndin həyata keçirilməsi, o cümlədən, Zəngəzur dəhlizinin Ermənistan tərəfinə düşən hissəsində işlərin başlanılması da daxildir. Rəsmi İrəvanın açıqlamasında sadəcə “öhdəliklərin yerinə yetirilməsi” qeyd olunur. İrəvan “Qarabağ münaqişəsinin” həll edilmədiyini deyir. Minsk qrupunun mandatından istifadə edilməsini istəyir. Halbuki, rəsmi Bakının açıqlamasında bununla bağlı heç bir qeyd yoxdur. Uzlaşan və çarpazlaşan məqamlar deməyə əsas verir ki, 3 saat davam edən görüşdə humanitar və ikitərəfli dialoqun davam etdirilməsi razılaşdırılsa da, prinsipial məsələlər açıq qalır. Xüsusilə İrəvanın “münaqişə” və Minsk qrupu haqda dedikləri “status” iddiasında israrlı olduğunu göstərir. Prezident son çıxışında XİN rəhbərlərinin görüşünün nəticəsini gözlədiyini, addımların buna uyğun atılacağını bəyan etmişdi. Rəsmi açıqlamalar prinsipial məsələlərlə bağlı anlaşmanın olmadığı ehtimalını önə çıxarır və bu kontekstdə Bakı iki istiqamətdə hərəkət edə bilər. İlk növbədə Zəngəzura status istəyi ilə bağlı məsələni praktiki mərhələyə keçirə bilərik. Digər yandan miqyasından asılı olmayaraq, Ermənistanı, həm də prosesdə iştirakçı olan bütün tərəfləri razılaşmaların icrasına məcbur edəcək addımlar atarıq”. 

  Politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birbaşa görüşü ikitərəfli danışıqların başlaması baxımından faydalıdır. Analitikə görə, görüşün Tbilisidə keçirilməsi kənar vasitəçilərin müdaxiləsini sıfıra endirir:

 “İkitərəfli görüşün keçirilməsi Prezident İlham Əliyevin  Ermənistana təklifi idi. Ermənistan tərəfi müharibədən sonra ikitərəfli danışıqlara getmirdi. Məhz Ermənistanda müxalifətin etirazları fiaskoya uğradıqdan sonra Paşinyan ikitərəfli danışıqlara razılıq verdi. İkitərəfli danışıqların davam etməsi müəyyən irəliləyişə gətirib çıxara bilər. Türkiyə də bu prosesdə Ermənistana təsir göstərir. Çox güman, Ərdoğan-Paşinyan telefon danışığında bu məsələ də razılaşdırılıb. Ermənistanla Türkiyə bir neçə məsələdə razılıq əldə edib. Düşünürəm ki, xarici işlər nazirlərinin görüşündə Ermənistan tərəfi müəyyən öhdəliklərə əməl edilməsini qəbul edib”.