Rusiya imzasına hörmət etməlidir


Ermənistanın razılaşmalardan müxtəlif bəhanələrlə yayınmağa çalışması, əlavə vaxt udmağa cəhd göstərməsi göz qabağındadır
  
  10 noyabr razılaşmasının altında üç ölkənin - Azərbaycan, Ermənistan və Rusiyanın dövlət və hökumət başçılarının imzası var. Azərbaycan öz imzasına hörmətlə yanaşan tərəf kimi və qalib ölkə kimi sözügedən razılaşmanın bütün şərtlərinə tam məsuliyyətlə və dəqiqliklə əməl edir. Ancaq eyni sözü əfsuslar olsun ki, 10 noyabr razılaşmasının digər subyektləri barədə söyləmək hələlik mümkün deyil. Nə qarantor, zəmanətçi və vasitəçi ölkə kimi Rusiya, nə də 44 günlük müharibənin məğlub tərəfi kimi Ermənistan rəhbərliyi öz üzərlərinə götürdükləri öhdəlikləri vaxtında və gərəkən tərzdə yerinə yetirir. 

Bu isə rəsmi Bakını əsla qane etmir. İndiyə qədər təmkin nümayiş etdirən və sözügedən razılaşmanın bəndlərinə tərəflərin hər birinin əməl etməsinin vacibliyini diplomatik nəzakət ritorikası ilə İrəvanın və Moskvanın diqqətinə çatdıran Azərbaycan tərəfinin günün birində sərt və tələbkar mövqeyini ortaya qoyacağı gözlənilən idi. İyulun 15-də 2022-ci ilin ilk altı ayının yekunlarına həsr olunan müşavirədə Prezidenti İlham Əliyevin çıxışında səsləndirdiyi bəzi fikirlərə məhz bu kontekstdən yanaşmalıyıq. Çıxışı zamanı olduqca aktual məsələlərə toxunan dövlət başçısı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması naminə bir tərəfdən sülhə çağırış, digər tərəfdən isə Paşinyan iqtidarına açıq xəbərdarlıq edərək Azərbaycanın “qırmızı cizgi”lərini ortaya qoydu. Ölkə rəhbəri 10 noyabr bəyanatının icra edilməyən maddələrinin təcili surətdə yerinə yetirilməsinin vacibliyini vurğuladı. Prezident sözügedən bəyanatın 4-cü bəndinin, yəni işğalçı qüvvələrin Azərbaycan ərazilərindən hələ də çıxarılmamasının üzərində xüsusilə dayandı. 

  Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov vurğulayıb ki, 44 günlük müharibənin bitməsindən az qala iki il keçməsinə baxmayaraq, məsələnin həllini tapmamasının günahı təkcə Ermənistan tərəfində deyil. Partiya sədrinin sözlərinə görə, Ermənistanın Moskva və Brüsselin vasitəçiliyi ilə əldə edilmiş razılaşmalardan müxtəlif bəhanələrlə yayınmağa çalışması, əlavə vaxt udmağa cəhd göstərməsi göz qabağındadır: 

“Ancaq burada əsas məsuliyyət ilk növbədə Rusiyanın üzərinə düşür. Çünki Rusiya həm zəmanətçi, həm də vasitəçi ölkədir. 

  Rusiya Ermənistanın işğalçı ordusunun qalıqlarının Azərbaycanın Qarabağ ərazisindən çıxarılacağına zəmanət verib və buna imza atıb. Müharibədən sonrakı dönəmdə də Rusiya bu məsələnin tezliklə həll olunacağına söz verib. Həmin vədə əsasən, Rusiya bu ilin may-iyun aylarına qədər bu məsələni artıq tam çözməliydi. Lakin həmişəki kimi Kreml bu dəfə də sözdən o yana bircə addım da atmadı. Bu isə şübhəsiz ki, rəsmi Bakını heç bir halda qane edə bilməz. Azərbaycan İrəvan və Moskvanın imitasiya ilə məşğul olmasına göz yummaq və yenə də uzun illər davam edə biləcək səmərəsiz danışıqlar aparmaq fikrində deyil”.

  Ə.Hüseynov bəyan edib ki, Bakı 10 noyabr razılaşmasının şərtlərinin həyata keçirilməsi istiqamətində real addımların atılmasını tələb edir: “Dövlət başçısı müşavirədə bununla bağlı Bakının qəti mövqeyini ortaya qoydu. Zənnimcə, bu çıxışdan sonra İrəvan və Moskva üçün artıq heç bir bəhanə yeri, hiyləgər manevr imkanları qalmadı. Növbəti bəhanələr və hiylələr yalnız yeni hərbi əməliyyatların başlanması ilə nəticələnə bilər. Bakı bununla bağlı xəbərdarlıq etdi. 

Dövlət başçısı İlham Əliyev açıq mətnlə bildirdi ki, Azərbaycanla saxta “sülh” oyunları oynamaq olmaz. Ermənistanın sülh istiqamətində addımlardan yayınması, Paşinyanın həmişəki kimi qeyri-konstruktivlik nümayiş etdirməsi və üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməməsi real sülhə deyil, real münaqişə təhlükəsinin yaranmasına xidmət edir.

 Əgər Ermənistan tərəfi Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılmasını təqdim etmirsə, onda bütün bunları bizə açıq bildirsin, biz də necə deyərlər, öz işimizi bilək. 

Daha doğrusu, biz öz işimizi bilirik və nə edəcəyimizi də çox yaxşı bilirik. Lakin Ermənistanın məsuliyyətsiz revanşist qüvvələrindən fərqli olaraq rəsmi Bakı yeni müharibə tərəfdarı deyil. 

Biz hər şeyi hərbi məcburetmə yoluyla çözməyə çalışmırıq. Azərbaycan qalib tərəf olsa da, amma zora yox, sağlam təfəkkürə, rasional siyasətə üstünlük verir. İrəvan və Moskva da rasional siyasət yürütməyə, öhdəliklərə əməl etməyə borcludur”.