Turab Rzayev: "Gələcəkdə İran Ermənistana PUA da sata bilər"
İran İslam İnqilab Keşikçiləri Aerokosmik Qüvvələri Kaşan aviabazasında Ermənistan, Rusiya və Belarusla birgə PUA təlimlərinin keçirildiyini təsdiqləyib.
Təlimlərdə Rusiya və Belarus da iştirak edib. Həmin təlimlərin sözçüsü Əli Bilali bu təlimlərin “Beynəlxalq Hərbi Yarışlar 2022” çərçivəsində olduğunu qeyd edib.
O, Kaşandakı PUA təlimlərinin bu gündən "elektrikli və porşenli mühərriklər" sahəsində təşkil olunduğunu və 12 gün davam edəcəyini bildirib.
Bundan əvvəl Amerika rəsmiləri xəbərdarlıq etmişdilər ki, Rusiya Ukraynadakı müharibədə İranın döyüş pilotsuz təyyarələrindən istifadə etməyə çalışır.
Bu xəbərdarlığa baxmayaraq, Moskva və Tehran hərbi əməkdaşlığı davam etdiriblər və Müharibə Araşdırmaları İnstitutu avqustun 6-da Ukrayna prezidentinin müşaviri Oleksiy Arstoviçə istinadən bildirib ki, Rusiya Ukraynada İranın döyüş pilotsuz təyyarələrindən istifadə etməyə başlayıb.
Qeyd edək ki, İran, Ermənistan, Rusiya və Belarusun birgə təlimləri İsrailin müdafiə nazirinin Kaşan aviabazasını İran hava terrorunun regiona ixracında əsas mərkəz adlandırması ilə eyni vaxta təsadüf edir.
Politoloq Turab Rzayev isə “Şərq”ə açıqlamasında deyib ki, İran ənənəvi olaraq bu cür təlimlər keçirir. Maraqlısı isə odur ki, İranla birgə hərbi təlimlər keçirmək istəyən dövlətlərin sayı çox məhduddur:
“Adı keçən dövlətlərdən əlavə Suriya və İraq kimi dövlətlər İranla birgə təlim keçirməkdə maraqlı ola bilər. Qalan dövlətlərlə İranın yaxın münasibətləri yoxdur. Ona görə, Rusiya və ya Belarusiyanın bu təlimlərdə iştirakı təbiidir. Ancaq İranın keçirdiyi hərbi təlimlərdə Ermənistanın iştirakı bizim üçün narahatedici məqamdır. Bu, ilk deyil. Son zamanlar, ümumiyyətlə, İran-Ermənistan arasındakı yaxınlaşma Azərbaycan dövləti tərəfindən xoş qarşılanmır.
Zəngəzur dəhlizi ilə bağlı İranın ali dini rəhbərinin səsləndirdiyi fikirlər, o cümlədən SEPAH-ın sərhəd təhdidləri fonunda bigə təlimlərə ölkəmiz laqeyd qala bilməz. Ortada 44 günlük müharibə zamanı Ermənistanın silah təchizatının İran üzərindən həyata keçirilməsi kimi real faktlar var. Ordumuz tərəfindən məğlub edilən erməni ordusunun dirçəldilməsi, güclənməsi bizim üçün yolverilməzdir.
Həm də ki, ikinci Qarabağ müharibəsində bizim əsas üstünlüyümüz ordumuzun PUA-lardan istifadəsində idi. İndiki halda Ermənistanın da pilotsuz uçuş aparatları ilə maraqlanması, PUA-lardan istifadənin dərinliklərinə hakim olması bizi qıcıqlandırmaya bilməz. Ordularımız arasındakı texnoloji geriliyin aradan qaldırılması və bu istiqamətdə İrandan dəstək alması o deməkdir ki, gələcəkdə İran Ermənistana PUA da sata bilər”.