“İran nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfəri zamanı Ermənistanın hansı vəhşiliklər törətdiyinin canlı şahidi olacaq”
“Bu, onlar üçün ciddi diplomatik mesaj və marifləndirici addımdır”
İran İslam Respublikasının Silahlı Qüvvələrinin mütəxəssis heyəti işğaldan azad edilmiş ərazilərə səfər edib. Səyahət Müdafiə Nazirliyinin təşkilatçılığı ilə baş tutub. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, heyət Vətən müharibəsi zamanı Ermənistan tərəfindən raket hücumlarına məruz qalan Bərdə və Tərtər rayonlarında olub. Onlara bu ərazilərdə baş verən dağıntılar və erməni vandalizmi barəsində məlumat verilib. Qeyd edək ki, rəsmi Tehranın Azərbaycandakı səfirliyinin əməkdaşlarının da iştirak etdiyi səfər avqustun 20-dək davam edəcək.
Bu səfərlə ötürülən siyasi mesajı ‘’Sherg.az’’a dəyərləndirən millət vəkili Cavid Osmanov bildirib ki, bu səfər onların erməni vəhşiliyini öz gözləri ilə görməsinə şərait yaradır:
“Vətən müharibəsi zamanı Azərbaycan ordusunun gücünə tab gətirməyən erməni terrorçuları Azərbaycanın yaşayış məskənlərinə raket zərbələri endirirdilər. Bunun nəticəsində Gəncə, Tərtər, Bərdə kimi müharibə zonasından 100 kilometrlərlə uzaqda yerləşən yaşayış məntəqələri dağıntılara məruz qaldı. Xeyli dinc sakin həlak oldu. Diplomatik korpus nümayəndələrinin və beynəlxalq media qurumlarının bu ərazilərdəki erməni vandalizmini öz gözləri ilə görməsi və bunların dünya ictimaiyyətinə göstərilməsi vacib addımlardır. İran nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri onların gözlərini açacaq. Digər tərəfdən isə rəsmi Tehran hər zaman müdafiə etdiyi Ermənistanın hansı vəhşiliklər törətdiyinin və erməni xislətinin nələrə yol açacağının canlı şahidi olacaq. Bu, onlar üçün ciddi diplomatik mesaj və marifləndirici addımdır. Həmin mütəxəssislərin hər şeyi canlı görməsi rəsmi Tehranın gələcəkdə düzgün siyasət yeritməsində böyük rol oynayacaq”.