Rəisi Baydenlə görüşdə maraqlı deyil - İran aldadılmaqdan çəkinir!

"İran bacardıqca vaxt uzatmaq istəyir. O, bu zaman ərzində nüvə silahının fakt kimi qəbul olunmasına çalışacaq"
  İran Prezidenti İbrahim Rəisi Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası zamanı ABŞ lideri Co Baydenlə hər hansı görüşü istisna edib və bunu “faydasız” adlandırıb.
  APA "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
  “Mən əvvəllər də buna “yox” cavabını vemişəm və bir daha təkrar edirəm və bildirirəm ki, bizim aramızda görüşməyin heç bir faydası yoxdur”-, Rəisi deyib.
  Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi ABŞ-ın Nyu-York şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının iclasında iştirak edəcək.
  İran Prezidentinin Co Baydenlə görüş barədəki fikirlərini “Sherg.az"a dəyərləndirən siyasi şərhçi Turab Rzayev qeyd edib ki, Rəisi ABŞ-ın konkret tələbləri olacağını anlayır: “Bu tələblər daha çox nüvə silahı, nüvə yanacağının və daşıyıcı raketlərin əldə olunması və s. ilə bağlı olacaq. Bəzi məlumatlara görə, İran Şimali Koreyadan neft məhsulları əvəzinə raket daşıyıcıları alıb. Yəni rəsmi Tehran artıq ballistik raketlərə sahibdir. Sadəcə, nüvə enerjisini kifayət qədər zənginləşdirmək lazımdır. Bu isə an məsələsidir. İran bunu bir neçə gün və ya aya həll edə bilər.

 Digər tərəfdən İran hakimiyyəti Barak Obama dövründəki kimi aldadılmaqdan çəkinir. Çünki həmin dövrdə ABŞ rəsmi Tehranla razılaşma əldə etdi. İran nüvə razılaşmasına əməl etsə də, sanksiyalar aradan götürülmədi. Böyük ehtimalla bu iki məsələ İran rəhbərliyini rəsmi Vaşinqtonla görüşdən uzaqlaşdırır. Düşünürəm ki, İran bacardıqca vaxt uzatmaq istəyir. O, bu zaman ərzində nüvə silahının fakt kimi qəbul olunmasına çalışacaq. Bundan sonrakı mərhələdə isə İran daha sərt dildə danışacaq və özünü Şimali Koreyaya oxşar tərzdə aparacaq”.