Şəkidə eyni ərazidə üç gəncin eyni üsulla intiharı ciddi araşdırılmalıdır

  Şəki şəhərinin Dağdibi adlanan ərazisində 3 gənc eyni üsulla intihar edib, qısa zaman  aralıqları ilə; iyulun 24-ü, sentyabrın 19-u, oktyabrın 9-u. Bu barədə " Qafqazinfo"ya istinadən xəbər verib. Sonuncu intihar hadisəsi oktyabrın 9-u, gecə saat 01 radələrində şəhərin həmin ərazisindəki Nəriman Nərimanov küçəsində, bağ sahəsində baş verib. 1998-ci il təvəllüdlü Sayiq Səbuhi oğlu Sayiqzadə özünü asaraq intihar edib. Sentyabrın 19-da elə həmin küçədə Şəki şəhər sakini, 21 yaşlı Məhəmməd Rahim oğlu Kərimov canına qıyıb. O da özünü asıb. 24 iyul tarixində gecə saat 03 radələrində isə N.Nərimanov küçəsinə qonşuluqda yerləşən Muxtar Hacıyev küçəsində 1994-cü il təvəllüdlü Zahir Məzahir oğlu Həmidov eyni üsulla həyatına son qoyub. Şəkidə son iki ay yarım ərzində eyni ərazidə 3 gəncin oxşar üsulla intihar etməsi sakinlərin narahatlığına səbəb olub. Hazırda baş vermiş hadisələrlə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

  3 gəncin qısa aralıqlarla eyni üsulla intihar etməsinə nə səbəb ola bilərdi? 21, 24 və 28 yaşlı gəncləri intihara vadar edən güclü bir səbəb olmalıdır. Yoxsa insan niyə həyatına qəsd etsin? İntihar etmiş gənclərin eyni bölgədə, eyni ərazidə yaşamaları da diqqət çəkir. Birisinin intiharı digər ikisini də buna təhrik edə bilərmi? 

  Psixoloq Azad İsazadə “Şərq”ə açıqlamasında konkret hadisə haqqında danışmağın, mülahizə yürütməyin çətin olduğunu dedi: 

- Kütləvi intihar halları dünyada görünən haldır. Əgər intihar edənlərin sayı 1-dən artıqdırsa, bu, kütləvi intihar sayılır. Konkret Şəkidə baş vermiş intihar hadisələri eyni gündə, eyni saatda baş verməsə də, özünə qəsd edənlərin eyni bölgədə, eyni və qonşu küçədə yaşamaları, hadisənin daha dərindən təhlilini, hətta deyərdim ki, elmi ekspertiza aparılmasını vacib edir. İstintaq aparılacaq, müəyyən məqamlar üzə çıxacaq, lakin 3 gənc insanın qısa zaman aralıqları ilə intihar etməsinin kökündə dərin səbəblər dayana bilər. Burada ya dini məsələdir, ya da başqa səbəblər var. Xatırlayarsınız, bir müddət əvvəl təhlükəli kompüter oyunu “dəb” olmuşdu – “Mavi balina”. Bu oyun iştirakçıya müxtəlif tapşırıqlar verirdi, son tapşırıq isə özünə qəsd etmək olurdu. Nə qədər gənc, yeniyetmə bu oyunun qurbanı oldu. Ola bilsin, indi də ona bənzər hansısa kompüter, internet oyunları meydana gəlib. Ümumiyyətlə, kompüterdə, internet resurslarda, smartfonlarda, “İPhone”  telefonlarına yüklənmiş oyunların əksəriyyəti zorakılığı təbliğ edir. Bu cür oyunlar insanlarda aqressiya yaradır və onu gücləndirir. Ölümü isə “adiləşdirir”. Həssas insanlar, psixoloji cəhətdən zəif olanlar, depressiya vəziyyətinə düşmüş insanlar üçün bir qığılcım yetərlidir ki, canına qəsd etsin. Səbəblər arasında dini təriqətə qoşulmaq, təsir altına düşmək, kimlərdənsə təhdid almaq da var. Bunlar yalnız ehtimallardır, lakin hər biri üzərində dəqiq iş aparılmalıdır. İntiharların “dəb” halını alması da bir ehtimaldır. Bəzən belə olur ki, insanın fikrində, düşüncəsində intihar etmək var. Baş vermiş bir intihar hadisəsi isə bu fikrin reallaşmasına təkan olur. Baş verəcək hadisədə sonuncu damla rolunu oynayır. Onsuz da insan intihara meylli idi, depressiyada idi, bir intihar hadisəsi onun üçün qığılcım rolunu oynadı və o da intihara əl atdı. İntiharların artması, bəzi insanlarda belə bir yanlış fikir formalaşdırır ki, deməli, intihar etmək asandır. Lakin bu, çox təhlükəlidir. İntiharların təqlid edilməsi təcrübəsi də var. Məsələn, İraq prezidenti Səddam Hüseyn nümayişkaranə şəkildə - asılma yoluyla qətlə yetirildikdə dünya bu hadisənin zəncirvari reaksiyasını izlədi. Dünyanın bir çox yerində özünü asanlar, intihar edənlər oldu, eyni üsulla. Ona görə də bu cür hadisələr ictimailəşməməlidir. Ölüm hökmünün ləğvi də insanların həyatına qəsd etməsinin qarşısını alan ən uyğun yoldur. 3 gəncin intiharı isə mütləq ciddi araşdırılmalıdır ki, bu intiharların səbəbləri bilinsin.