“Ərazilərimizin minalardan təmizlənmə üçün vəsaiti Ermənistan verməlidir”

“O , eyni zamanda, İkinci Qarabağ  müharibəsinə görə  də bizə təzminat ödəməlidir”

“480 milyarddan çox idi.  Rəsmi İrəvan  bunu ödəməlidir.  Ona görə də minalarla yanaşı bu təzminat da reallaşmalıdır”


Prezident İlham Əliyev Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxış edib. Dövlət başçımız çıxışında ölkəmizin dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasında olduğunu diqqətə çatdırıb: “ İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb”. Prezident onu da qeyd edib ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb: "Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır".

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev  bu barədə “Sherg.az”a danışarkən bildirib ki, bütün dünya ölkələri bu məsələnin həllinə "əl qoymalıdırlar": 

“Dünyanın istənilən yerində müharibə dövründə basdırılan minaların, postmüharibə dönəmində təmizlənməsi bir ölkənin görə biləcəyi iş deyil. Bu humanitar məsələdir. Bir çox  böyük dövlətlər özlərinə qonşu olmayan uzaq ölkələrə belə bu məsələdə yardım əli uzadırlar. Bunu beynəlxalq aləm aradan qaldırmalıdır.

 Təkcə Ağdam istiqamətində 96 min mina basdırılıb. İndi o torpağın hər qarşını yoxlamaq, təmizləmək lazımdır. Bu işi təkcə Azərbaycanın üzərinə atmaq olmaz. Amma dünya ölkələrinin bir çoxu buna laqeyd yanaşır, dəstək vermir. Digər tərəfdən, minalardan təmizlənmə üçün xərclənəcək vəsaiti Ermənistan tərəfi verməlidir. O , eyni zamanda, İkinci Qarabağ  müharibəsinə görə  də bizə təzminat ödəməlidir. İraq- Küveyt savaşını yada salaq. İraq Küveytə hücum etmişdi. 

Dağıntıların miqyası o qədər də böyük olmasa da, Küveyt İraqa təzminat ödətdirdi. Başqa bir misal çəkim: Ukrayna-Rusiya savaşı da hələ bitməyib. Artıq Rusiyanın hesabları bağlanıb. Təxmini 680 milyard civarında məbləğ  təzminat kimi Ukraynaya ödənilib. Bizim ərazilərimizin  Ermənistan tərəfindən dağıdılması  Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzvü olan böyük dövlətlər tərəfindən də dörd qətnamədə təsbit olunub. 

Onlar özləri də bunu etiraf ediblər. Bizə dəymiş zərər hesablanıb. Xatırlayıram ki, mən Milli Məclisdə olanda bu məbləğ 480 milyarddan çox idi.  Rəsmi İrəvan  bunu ödəməlidir.  Ona görə də minalarla yanaşı bu təzminat da ödənilməlidir. Hesab edirəm ki, ölkə başçımızın Astanadakı çıxışı zamanı ortaya qoyduğu bu tezis  prosesə start vermək üçün çox uğurlu başlanğıcdır”.