"Bütün fransızdilli ölkələr görəcək ki, Azərbaycan dövləti əzilən, məzlum müsəlman və afrikalı, Əlcəzair xalqının yanındadır. Dəstəyini açıq şəkildə ifadə edir”
“Bu, dövlətimizə yeni bir təkan verəcək. Azərbaycanın dayaqlarını daha da gücləndirəcək”
“Azərbaycan faktiki olaraq, Fransanın Ukraynasını rəsmi Parisə qarşı qoya bildi. Bu, çox uğurlu addımdır"
"Fransa açıq şəkildə keçmiş və indiki müstəmləkəçilik tarixi ilə üzləşməlidir".
Bu sözləri "Sherg.az"a siyasi şərhçi Turab Rzayev deyib.
Onun sözlərinə görə, rəsmi Parisin keçmişində çox böyük ləkələri var:
"Fransada bir neçə milyona yaxın əlcəzairli öldürülüb, sürgün edilib, işgəncəyə məruz qalıb. Eyni zamanda Afrikada milyonlarla insan həyatını itirib, onun sərhədləri talanıb. Fransa bu keçmişini nəinki təmizləmək üçün çalışır, əksinə bu gün də davam etdirir. Hazırda rəsmi Paris Afrikanın 15 ölkəsinin pul vahidini kəsir.
Bunun əvəzinə 500 milyard avroya yaxın illik qazanc əldə edir. Bu gün də Fransa həmin ölkənin ərazilərinə hörmət etmir. Nigeriya, Madriddə hərbi əməliyyatlar həyata keçirir, dövlət çevrilişləri edir.
Fransanın atom elektrik stansiyaları Nigeriyanın vasitəsilə çalışsa da, özündə elektrik yoxdur. Rəsmi Paris digər ölkələrin sərhədlərini də bu cür soyur. Amma ölkə başçısının sözügedən məsələyə toxunmasının bir neçə səbəbi var. Birincisi, Fransa senatının Azərbaycana qarşı qətnaməsi var.
Həmçinin ölkəmizə sanksiyalar tətbiq etməyə çağırışlar olur. Fransa prezidenti Emmanuel Makron Azərbaycanı düşmən mövqeyində görür. Belə olan halda ölkə rəhbərinin Əlcəzairdə soyqırımı qurbanlarının abidəsi önündəki seçdiyi ifadələr, cümlələr xüsusilə təqdirəlayiqdir. Təsadüfi deyil ki, həmin memorialda yazılanlar, onun fotoları, videosu bütün mediaya servis edildi. Bununla Azərbaycan dövlətinin mövqeyi ortaya qoyuldu. İkinci məsələ İslam həmrəyliyidir. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının aktiv üzvlərindən biridir. Azərbaycan əzilən müsəlman xalqlarını həmişə öz yanında görmək istəyir, onların hüquqlarını qoruyur.
Azərbaycan Türkiyə ilə bərabər islamafobiyaya qarşı açıq mübarizə aparan ölkələrdəndir. Üçüncüsü, dövlətimiz qoşulmama hərəkatının aktiv üzvüdür. Keçmiş baş nazir Həsən Həsənovun dövründə Azərbaycan bu hərəkata daxil olub. Əlcəzair də qoşulmama hərəkatının ən fəal üzvlərindəndir. Azərbaycan qoşulmama hərəkatı çərçivəsində Əlcəzairlə çiyin-çiyinədir”.
Ekspertin qənaətincə, digər bir önəmli fakt ondan ibarətdir ki, Azərbaycan fransızdilli mətbuatda uduzur:
“Fransızdilli media ingilisdillidən sonra, bəlkə də, ən əhəmiyyətli informasiya məkanıdır. Rusdilli mətbuatdan daha böyükdür. Bu məkanda liberallar, solçular üstünlük təşkil edir ki, onlar da daha çox ermənipərəstdir. Azərbaycana qarşı Qarabağın müstəqilliyini müdafiə edirlər.
Eyni zamanda ölkəmizin orada təsir imkanları məhduddur. Fransdilli intellektual mühit ingilisdilliyə yön verəcək dərəcədə xüsusilə, güclüdürlər. Müharibə dövründə də ermənilər və Fransa liberalları, solçuları Azərbaycan əleyhinə informasiya səsləndirirdilər. Fransada yaşayan afrikalılar, qara dərililər aktiv şəkildə Azərbaycanı dəstəkləyir, haqq səsimiz olurdular.
Analitik vurğulayıb ki, ölkə başçısının Əlcəzairdəki çıxışı dünyaya səs salacaq:
"Bütün fransızdilli ölkələr görəcək ki, Azərbaycan dövləti əzilən, məzlum müsəlman və afrikalı, Əlcəzair xalqının yanındadır. Dəstəyini açıq şəkildə ifadə edir. Bu, dövlətimizə yeni bir təkan verəcək. Azərbaycanın dayaqlarını daha da gücləndirəcək. Bu addımı ölkəmizin üstəlik Əlcəzairdə etməsi xüsusilə əhəmiyyətlidir. Bu, sanki Rusiyaya qarşı Ukraynanı istifadə etmək kimidir. Azərbaycan faktiki olaraq, Fransanın Ukraynasını rəsmi Parisə qarşı qoya bildi. Bu, çox uğurlu addımdır".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak edib. Dövlət başçısı çıxışında bildirib ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir: "Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib".