Soçi görüşü Rusiyanın vasitəçilik “tabutuna” son mıxları vurdu! - “Dişsiz sənəd və fiasko...

“Şübhə yoxdur ki, Rusiya bu “fiasko” ilə barışmayacaq”

“Həm sərhəddə, həm də Qarabağda daha ciddi təxribatlar törətməyə cəhd göstərəcək”

“Bu səbəbdən qətiyyən arxayınlaşmamalı və təxribatların qarşısını almaq üçün ən yüksək hazırlıq vəziyyətində olmalıyıq”




"Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Soçidə keçirilən görüşü əvvəlcədən gözlənildiyi kimi nəticəsiz başa çatdı". 

Bu sözləri "Sherg.az"a açıqlamasında Azərbaycan Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, imzalanan bəyanatda demək olar ki, ciddi sayılacaq heç bir müddəa yoxdur:

"Daha çox Rusiya liderinin “diplomatik fiaskosunu” ört-basdır etməyə xidmət edir. Soçi görüşü Rusiya dövlətinin nə qədər acınacaqlı durumda olduğunu və reallıq hissini tamamilə itirdiyini bir daha ortaya qoydu.

Əslinə qalsa, bu reallığı biz Rusiya prezidenti Vladimir Putinin Valday forumundakı məntiqsiz və açıq təxribat xarakterli çıxışında artıq hiss etmişdik. Ukrayna cəbhəsində ağır duruma düşən, dünyada “çıxdaş” vəziyyətinə salınan və bunun nəticəsində ABŞ-ın və müttəfiqlərinin Cənubi Qafqazda kəskin şəkildə fəallaşmasına imkan yaradan Rusiya lideri Azərbaycanın gücünü nəzərə almadan forumda Ermənistanın maraqlarına cavab verən “konsepsiyanın” müəyyən elementlərini səsləndirdi. Bununla da son aylar xüsusi nümayəndə İ.Xovayevin tərəflərə təqdim etdiyi bədnam “baza prinsiplərinin” ermənilərin maraqlarına xidmət etdiyini əsaslandırmağa çalışdı. 

Prosesləri izləyən hər kəs həmin məqamda anladı ki, Rusiyanın vasitəçilik təşəbbüsünü yenidən ələ almaq təşəbbüsü heç bir nəticə verməyəcək. Eyni zamanda “sülh sazişi” onun vasitəçiliyi ilə imzalanmayacaq.

Praqa görüşündə üç fransıza (Ermənistan özünü fransızdilli ölkə sayır və Frankofoniya təşkilatının üzvüdür) qarşı təkbaşına dayanmağı və öz tələblərini qəbul etdirməyi bacaran Azərbaycan prezidenti bu dəfə Soçidə “iki rus”a qarşı eyni qətiyyəti göstərdi. Həmçinin erməni-rus ittifaqının planlarını darmadağın etməyi bacardı. İkili danışıqlarda həm Putinin, həm də Paşinyanın bəyan etdikləri heç bir məsələ imzalanan bəyanatda öz əksini tapmadı.

 Bu da “dişsiz” sənəd reallıq hissini itirmiş Rusiya liderinin nüfuzunun hansı səviyyəyə düşdüyünü bütün dünyaya nümayiş etdirdi. Məlum biabırçılıqla kifayətlənməyən V.Putin hələ bir mətbuat konfransı da keçirmək qərarına gəldi. Həmin konfransda Rusiyanın vasitəçilik missiyasının “tabutuna” son mıxları vurdu. Üçtərəfli görüş barədə “danışmaq olar, ancaq lazım deyil”deyən Kreml lideri tədbirlə əlaqəsi olmayan bir neçə suala cavab verib mətbuat konfransını yekunlaşdırdı.

Şübhə yoxdur ki, Rusiya bu “fiasko” ilə barışmayacaq. Həm sərhəddə, həm də Qarabağda daha ciddi təxribatlar törətməyə cəhd göstərəcək. Bu səbəbdən qətiyyən arxayınlaşmamalı və təxribatların qarşısını almaq üçün ən yüksək hazırlıq vəziyyətində olmalıyıq. Unutmamalıyıq ki, 90-cı illərin Rusiyası geri qayıdır və ondan hər cür təxribat, xəyanət gözlənilə bilər".