Kremlin vasitəçilik şansları azalır

Elçin Xalidbəyli: "ABŞ və Qərb Ermənistanı sülh sazişini imzalamağa məcbur etməyə çalışır"

Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını, xüsusilə xarici işlər nazirlərinin noyabrın 7-də Vaşinqtonda keçirdikləri görüşünü müzakirə ediblər. ABŞ-ın dövlət katibi Ermənistan-Azərbaycan münasibətlərinə töhfə verməyə hazır olduğunu söyləyib. Tərəflər humanitar məsələlərin həlli də daxil olmaqla, regionda təhlükəsizlik və sabitlik səviyyəsinin artırılmasına yönəlmiş addımların müzakirəsini davam etdirmək barədə razılığa gəliblər. 

Bu arada Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan və Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev İrəvanda görüşüb və sərhədin delimitasiyası, regionda nəqliyyat infrastrukturlarının açılması və s. məsələləri müzakirə ediblər. Xovayevi Baş nazir Nikol Paşinyan da qəbul edib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə növbəti dəfə danışıqlar prosesinə və sülhə zidd açıqlamalar səsləndirib. O deyib ki, Ermənistan bütün platformalarda eyni şeyi deyir və eyni gündəliyi irəli sürür. Sülh prosesinin hansı platformada getməsinin heç bir fərqi yoxdur. Ermənistan TŞ katibi iddia edib ki, danışıqlarda Qarabağ məsələsi də müzakirə olunur: "Məsələni sonraya saxlamaq və ya beynəlxalq mexanizm yaratmaq variantı var. Qarabağ problemi həll edilmədən sülh müqaviləsi bağlamaq mümkün deyil. Qarabağdan yan keçmək mümkün deyil, bütün görüşlərdə müzakirə olunur, gündəmdədir. Hazırda Qarabağ probleminin sülh müqaviləsi prosesindən necə ayrılması ilə bağlı müzakirələr gedir”. 

Politoloq Elçin Xalidbəyli "Şərq"ə deyib ki, hazırda Cənubi Qafqaza nəzarət uğrunda mübarizə həlledici mərhələyə keçib. 
Analitikə görə, bu mübarizədə Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması əsas geopolitik platforma rolunu oynayır: 

"Regionda maraqları olan beynəlxalq güclər öz hədəflərini məhz bu platforma üzərində indeksləşdiriblər. Ona görə də ABŞ və Qərbin Azərbaycan-Ermənistan arasında sülhyaratma prosesində Rusiya ilə açıq rəqabət apardığı müşahidə olunur. ABŞ və Qərb əmindir ki, Rusiyanı Cənubi Qafqazdan tamamilə sıxışdırıb çıxarmaq üçün Ermənistanı Kremlin təsir dairəsindən mütləq uzaqlaşdırmaq lazımdır. Ancaq ABŞ və Qərb onu da anlayır ki, Azərbaycanın maraqlarını təmin etmədən bu hədəfə çatmaq mümkün deyil. Yəni Rusiyanı Cənubi Qafqazdan çıxartmaq üçün ilk növbədə əsas regional münaqişə məhz Azərbaycanın maraqları çərçivəsində həll edilməlidir. Əks halda, rəsmi Bakı Ermənistanla anlaşma ehtimalını yaxına buraxmayacaq, silahlı münaqişə davam edəcək və hətta bərpa olunma təhlükəsi daşıyacaq. Təbii ki, məhz belə situasiya Rusiyanın regional maraqlarına tamamilə cavab verir. Çünki münaqişə davam etdikcə və gərginlik qaldıqca, Rusiya hər iki tərəfə təsir mexanizmlərini qoruyub, saxlaya biləcək. Bəzi məlumatlara görə, ABŞ və Qərb bütün bu faktorları nəzərə alaraq, Ermənistanı Azərbaycanla rəsmi Bakını qane edəcək şərtlər daxilində yekun sülh sazişini imzalamağa məcbur etməyə çalışır. Həmin yekun sülh sazişi nəticəsində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanımalıdır və hər hansı ərazi iddialarından imtina etməlidir. Və rəsmi İrəvan da bu varianta yaxınlaşmaq üzrədir".

E.Xalidbəyli vurğulayıb ki, Kremldə ABŞ və Qərblə Ermənistan arasında baş verənləri tam dəqiqliyi ilə bilirlər: 

"Ona görə də Kreml də son vaxtlar fəallaşıb və Rusiyanın regional maraqlarını xilas etmək məqsədilə sülh prosesini pozmağa cəhd göstərir. Bu baxımdan, Rusiya Cənubi Qafqazdakı mövqelərini qorumaq üçün ABŞ və Qərblə sözün əsl mənasında yarışır. Kreml indiki situasiyada ABŞ və Qərbin atdığı bütün addımlara əks senarilərin ön plana keçirilməsinə cəhd göstərir. Təbii ki, rəsmi İrəvan da Ermənistanın ABŞ və Qərblə Rusiya arasında "nifaq alması"na çevrildiyini anlayır. Ona görə də bu situasiyadan maksimum səviyyədə yararlanmağa, Ermənistanın xeyrinə hansısa güzəştlər qoparmağa can atır. Paşinyan hakimiyyətinin həm ABŞ və Qərblə, həm də Rusiya ilə "oynamağa" çalışmasının əsas səbəbi də məhz budur. Eyni zamanda, Paşinyan hakimiyyəti Kremli siyasi cəhətdən şantaj etmək şansını da əldən buraxmaq istəmir. Ona görə də rəsmi İrəvan Rusiyanın sülh sazişi ilə bağlı təkliflərini dəstəklədiyini bəyan edir. Bununla da, Kremlə "Rusiya verdiyi vədləri yerinə yetirsə, biz həmişə onun yanında olmağa hazırıq" mesajı verir. Əks halda, ABŞ və Qərblə anlaşmaqdan başqa çarəsinin qalmayacağına eyham vurmuş olur".

Ekspertin fikrincə, Paşinyan hakimiyyəti ABŞ və Qərbin sülh vasitəçiliyinin şərtlərini qəbul etməyə də tamamilə hazır görünür: 

"Sadəcə, Rusiya faktoru hələlik buna əngəl olur. Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərbin sülh vasitəçiliyi əsasən Azərbaycanın təklif etdiyi beş əsas prinsipə bağlı saziş layihəsi üzərində qurulub. Rəsmi İrəvanın, o cümlədən də Baş nazir Nikol Paşinyan, Xarici işlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sülh prosesinə zidd açıqlamaları isə daha çox Ermənistanda daxili auditoriyaya hesablanıb. Rəsmi İrəvan bu açıqlamalar ilə Ermənistan cəmiyyətinin mövqeyini maksimum səviyyədə müdafiə etməyə cəhd göstərdiyi barədə rəy yaratmağa çalışır. 

Ancaq rəsmi İrəvan da anlayır ki, bu prosesin sonunda istəsə də, istəməsə də, Azərbaycanın diktə etdiyi şərtlər çərçivəsində yekun sülh sazişini imzalamaq məcburiyyətində qalacaq".