Makron riyakardır... - Senatın qəbul etdiyi qətnamənin heç bir hüquqi əsası yoxdur

Azərbaycan bundan sonra Fransa ilə bağlı siyasətinə korrektələr edəcək

  Fransa Senatı “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi” ilə bağlı qətnaməni yekdilliklə qəbul edib. “Qanun” layihəsinin lehinə 295, əleyhinə 1 səs verilib. Senatın qətnaməsi yalnız "tövsiyə" xarakterlidir və heç bir praktik əhəmiyyəti yoxdur. Məsələ ondadır ki, Fransa hökumətinin bu “tövsiyəyə” əməl etməsi də inandırıcı deyil. Fransa Avropa İttifaqının üzvüdür və istədiyi qərarı təkbaşına verə bilməz. 

Rusiyanın enerji daşıyıcılarından azad olmaq istəyən Avropa İttifaqının siyasi mərkəzi Azərbaycandan neft və qaz alışında maraqlıdır. Digər yandan qətnamədə qeyd edilən bir çox iddialar müəlliflərin tarixi faktlardan və bölgədəki hazırkı vəziyyətdən xəbərsiz olmasını göstərir. Misal üçün, qətnamədə “Dağlıq Qarabağ” adı keçir və qondarma quruma "müstəqilliyin" verilməsi kimi iddialar yer alır. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi hər kəsə bəllidir və rəsmi Paris də bunu belə qəbul edib. Qətnamənin mahiyyəti siyasidir. Senatın qəbul etdiyi qətnamədə “dayanıqlı sülhün təşviq edilməsindən” bəhs edilsə də, əslində niyyət başqadır. Qətnamə praktik olaraq əhəmiyyətsiz olsa da, söhbət rəsmi Parisin Bakının daxili işlərinə kobud şəkildə qarışmasından gedir. Əgər Fransa tərəfi bu hüququ özündə görürsə, Azərbaycan da Fransanın Avropa xaricindəki torpaqlarında gedən müstəqillik hərəkatları və Korsika adasındakı iğtişaşları dəstəkləyən qətnamələr qəbul edə bilər. 

  Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov "Şərq"ə deyib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra uzun illər ərzində Fransa ilə səmimi dost və müttəfiqlik siyasəti yürütməyə çalışıb. Lakin rəsmi Bakının bütün cəhdlərinə və xoş məramına baxmayaraq ötən illər ərzində Fransa dövlətini və xüsusən də onun parlament qanadını haqq yoluna gətirmək mümkün olmayıb. Partiya sədrinin sözlərinə görə, Fransa ermənipərəstlik mərəzindən, xristian təəssübkeşliyindən, türkofobiya mövqeyindən heç cürə əl çəkə bilmir:

 "Fransa dövləti hazırkı kursundan əl çəkməyəcək. Biz bu acı həqiqətlə barışmalıyıq. Fransa Senatında Azərbaycana qarşı qəbul olunan qətnamə də bunun tərkib hissəsidir. Hərçənd, sözügedən qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur və bu sənədin müddəaları Azərbaycan üçün məcburi xarakter daşımır. Ancaq bütün hallarda Fransa senatorlarının məlum sənədə yekdilliklə səs verməsi Fransa-Azərbaycan münasibətlərini zədələmək, korlamaq üçün yetərlidir. Bu baxımdan, kimlərsə deyirsə ki, məlum qətnamənin qəbul edilməsi Fransa-Azərbaycan münasibətlərinə xələl gətirməyəcək, heç bir mənfi təsir göstərməyəcək, onlar ciddi şəkildə yanılırlar. Azərbaycanın Fransa senatorlarının bu cür rüsvayçı davranışına göz yummaq fikri yoxdur. Makron hökuməti öz ənənəsinə uyğun olaraq həmişəki kimi yenə də riyakarlıq edib senatorların bu cür təxribatçı addımına səssiz qala bilər, ancaq rəsmi Bakının səbr limiti isə heç də hüdudsuz deyil. Azərbaycan bu qətnamənin qəbul edilməsindən özü üçün ciddi nəticələr çıxaracaq və Fransa ilə bağlı siyasətinə əsaslı korrektələr edəcək. Fransa dövlətinin siyasətini fransız xalqının seçdiyi prezident və parlamentarilər yox, Fransadakı güclü erməni lobbisi və diasporu müəyyən edirsə, bizə belə bir dövlətin vasitəçiliyi əsla lazım deyil. Bundan sonra Fransaya qarşı adekvat siyasət yürüdəcəyik. Fransa özünü ikinci erməni dövləti kimi aparırsa, biz də bu ölkə ilə gərəkən şəkildə davranacağıq. Fransanın Azərbaycandakı siyasi, iqtisadi, mədəni maraqları ciddi şəkildə sarsılacaq". 

  “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov da bildirib ki, Fransanın aşağı palatasının Azərbaycanla bağlı qəbul etdiyi qətnaməsi faşizmin müdafiəsi kimi dəyərləndirilməlidir:

 "Erməni faşizminin 30 il ərzində Azərbaycana qarşı apardığı faşist siyasətini müdafiə edən rəzil bir qətnamə qəbul edən fransız parlamenti Hitlerin Parisi zəbtini unutmamalıdırlar. Biabırçı surətdə faşizmə təslim olmalarını xatırlayıb bilməlidirlər ki, onları faşizmdən qurtaran oğullar arasında azərbaycanlılar çox olub. Əhmədiyyə cəbrayılovlar onları faşizmdən qurtarıb. Fransa kimi dərin dövlətçilik tarixi olan bir ölkə dərk etməlidir ki, faşizmə dəstək yenidən Parisdə hitlerlərin şəkil çəkdirməsinə səbəb ola bilər".