Mehmet Ceylan: “Azərbaycan-Ermənistan sülh sazişinin ərazi bütövlüyü əsasında imzalanacağına əminik”

“Əminik ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi ərazi bütövlüyü əsasında imzalanacaq”.
“Report”un xəbərinə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) xarici əlaqələr üzrə sədr müavini Mehmet Ceylan Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda Bakıda keçirilən xüsusi konfransında deyib.
Onun sözlərinə görə, bu gün Türkiyə-Azərbaycan əlaqələri və həmrəyliyi hər zamankından daha güclüdür: “Həm yaxşı, həm pis gündə Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin yanındadır. Biz Şuşa Bəyannaməsini imzalamaqla münasibətlərimizi ən yüksək səviyyəyə çatdırdıq. Hazırda regionda davamlı sülh və sabitliyin təmin olunması üçün tarixi bir şərait yaranıb. Türkiyənin regionda münasibətlərin normallaşmasına böyük ümidi var, bundan başqa bir yol yoxdur”.