“...sadəcə "gözdən pərdə asmaqdır"
"Rusiya prezidenti Vladimir Putinin İrəvanda söylədiyi nitq "Valday" çıxışının davamıdır".
Bunu "Sherg.az"a tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov deyib. Onun sözlərinə görə, Rusiya dövlət başçısı "Valday" klubunun iclasında ona sual verən erməni jurnalistə cavab olaraq, hər zaman Ermənistan xalqının yanında olduğunu deyib:
"Eyni zamanda Putin qeyd edib ki, erməni xalqı, dövləti və hakimiyyəti Qarabağ məsələsinin rəsmi Vaşinqton deyil, rəsmi Moskva ssenarisinə görə həll olunmasını istəyirlərsə, bildirsinlər, Rusiya öz müttəfiqinin yanında olacaq. Söz arası bir dəfə "xala xətir qalmasın" deyə Azərbaycanın da maraqlarının qorunmalı olduğunu bildirib. Lakin ölkəmiz haqqında başqa heç bir kəlmə söyləməyib.
Bu dəfə də məlum çıxışın davamı kimi, Rusiya prezidenti açıq şəkildə Ermənistan xalqının könlünü almağa çalışır. Rəsmi İrəvanı Qarabağ məsələsinin Azərbaycanın lehinə həll olunmasını istəmirlərsə, Rusiya planını dəstəkləməyə çağırır. Onun “Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır” kimi açıqlamaları sadəcə "gözdən pərdə asmaqdır".
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanacağına ümid edirik. O bu barədə çərşənbə günü İrəvanda keçirilən KTMT sammitindəki çıxışı zamanı deyib.