Elə ölkələr var ki, səfirliyimizin varlığı ilə yoxluğu bilinmir

Azər Həsrət: "Mətbuatla işləmirlər, vətəndaş cəmiyyətləri, siyasətçilərlə əlaqə qurmurlar"


"Xarici ölkələrə təyin olunan diplomatlar ölkəni təmsil etməyə həqiqətən layiqli, peşəkar və intellektli şəxslər olmalıdır və bu zaman qohumluq əlaqələrinə deyil, daha çox bu sahədə peşəkarlığı ilə fərqlənən insanlara üstünlük verilməlidir"

  Azərbaycanın xaricdə haqqını qorumaq, vətəni müdafiə etmək, dövlətin mövqeyi uğrunda mübarizə aparmaq diaspor təşkilatlarının və diplomatik korpus nümayəndələrinin üzərindədir. Amma nə Vətən müharibəsi dövründə, nə ondan əvvəl, nə də ondan sonra səfirlər, konsullar beynəlxalq aləmdə təsirli addımlar atıblar. Bu qurumlar və onlara rəhbərlik edən şəxslər varlığı ilə yoxluğu hiss olunmayan fəaliyyətlə məşğuldurlar. Bu baxımdan millət vəkilləri diplomatiya sahəsində ciddi islahatların aparılmasını zəruri sayır.

  Milli Məclisin dünən keçirilən iclasında çıxış eədn deputat Fazil Mustafa bildirib ki, Fransa Milli Assambleyasının qətnaməsinə keçən dəfə sərt reaksiyamızı verdik, amma bir şeyi unutduq: “Biz heç öz yarıtmazlığımız haqqında danışmadıq. Necə oldu ki, 256 deputat Azərbaycanın əleyhinə səs verdi? 30 ildir Fransada diplomatik nümayəndəliyimiz fəaliyyət göstərir. Necə olur ki, səfirin Fransada bir deputat dostu olmadı? Diplomatik nümayəndələr 5 il vaxtını öldürür, sonradan qayıdıb gəliblər. Onlardan soruşmaq lazımdır ki, nə işlə məşğul olurlar. Büdcədən pul ayrılır ki, Azərbaycanı tanıdasan, belə tanıdırlar? Elə Azərbaycanı Prezident öz çıxışları ilə tanıdır, o zaman diplomatik nümayəndəliyə nə ehtiyac var?”. 

  Siyasi şərhçi Azər Həsrətin “ Şərq”ə açıqlamasına görə, Azərbaycanın xaricdəki səfirləri və digər diplomatik korpus nümayəndələri Azərbaycanın milli, dövlətçilik maraqlarını təmin etmək üçün ən müxtəlif tədbirlərə əl atmalı, işlədikləri ölkələrin vətəndaş cəmiyyətləri, mətbuat orqanları ilə sıx əlaqə qurmağı bacarmalıdırlar: "Xarici ölkələrə təyin olunan diplomatlar ölkəni təmsil etməyə həqiqətən layiqli, peşəkar və intellektli şəxslər olmalıdır və bu zaman qohumluq əlaqələrinə deyil, daha çox bu sahədə peşəkarlığı ilə fərqlənən insanlara üstünlük verilməlidir.
  Xüsusən də postmüharibə dövründə  Azərbaycanı xarici ölkələrdə təmsil edən diplomatlardan yüksək təşkilatçılıq, korporativ idarəçilik-menecerlik bacarığı, natiqlik, dərin siyasi biliklərə malik olmaq, geosiyasi və geoiqtisadi prosesləri duymaq, ölkənin nüfuzunun yüksəldilməsi üçün media və sosial mediada PR işini qurmaq bacarığı, maksimum çeviklik tələb olunur. Amma bizim diplomatlarımızın böyük əksəriyyəti onlara göstərilən etimadı doğrulda bilmir”. Konkret olaraq Fransa məsələsinə gəldikdə isə A.Həsrət deyib ki, uzun illər Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində vasitəçi dövlətlərdən biri olmasına rəğmən biz hər zaman Fransanın ermənipərəst mövqe sərgiləməsinin şahidi olmuşuq: "Proses bu gün də davam edir və tək Fransada deyil, dünyanın aparıcı ölkələrinin bir çoxunda anti-Azərbaycan siyasəti davam etdirilir. Bunun da səbəbi erməni təbliğatının çox güclü şəkildə aparılmasıdır. Biz bu təbliğatı dəfələrlə açıq formada hiss etmişik. Amma burada bizim diplomatik korpuslarımızın da günahı çoxdur. Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin bir çoxu yarıtmaz fəaliyyət göstərir. Xüsusən də böyük ölkələrdəki səfirliklər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görmür. Mən dəfələrlə bu məsələnin üzərinə getmişəm. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri olduqları ölkələrin mediası ilə çox zəif əlaqə qurur. Bu cür əlaqələr genişləndirilməlidir. Bir çox ölkələrdəki səfirliklər tədbir keçirmək üçün Bakıdan pul ayrılacağını oturub gözləyirlər. Halbuki erməni səfirlikləri İrəvandan maddiyyat güdmür.
  Əksinə, milyonlarla dollar məbləğində Ermənistana maddi yardım edir. Bax bu bizim qüsurumuzdur”.
  Ekspertin sözlərinə görə, səfirliklərə milli vətənpərvərlik ruhda olan insanlar göndərilməlidir. Kadr seçimi zamanı dilimizi mükəmməl bilən şəxslərə üstünlük verilməlidir. Elə ölkələr var ki, həmin ölkədə səfirliyimizin varlığı ilə yoxluğu bilinmir. Mətbuatla işləmir, vətəndaş cəmiyyətləri, siyasətçilərlə əlaqələr qurmurlar. Bu cür ölkələr axı bizə niyə dəstək versin? Heç bizim bir dövlət olaraq varlığımızdan belə xəbərdar deyillər”.