"Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan, Gürcüstan və Ermənistan arasında regional münasibətlərin bərpası istiqamətindəki fikirləri müsbət haldır".
Bunu "Sherg.az"a siyasi şərhçi Həşim Səhrablı deyib.
O bildirib ki, bəyanatdan sonra bölgədə üç ölkə arasındakı münasibətlərin tam şəkildə yaxşılaşmasını gözləmək sadəlövhlük olar:
"Çünki həm Azərbaycan, həm Gürcüstan, həm də Ermənistanın öz dövlət maraqları var. Bütün tərəflər əlaqələri normallaşdırmaqdan danışanda, həmçinin öz maraqlarının həyata keçirilməsini, təmin edilməsini nəzərdə tutur. Ermənistan və Azərbaycan arasındakı diplomatik "krizlər" bu ölkələrin maraqlarının biri-birinə tamamilə zidd olduğunu deməyə əsas verir. Diplomatiya yolu ilə bunların həlli mümkün görünmür. Ermənistan baş naziri əslində bölgədə qarşılıqlı tərəfdaşlığı və üç ölkə arasındakı münasibətləri bərpa etmək deyərkən dövlətinin maraqlarının təminatını nəzərdə tutur. Bunu da istənilən halda rəsmi Bakı tam şəkildə dəstəkləyə bilməz.
N.Paşinyan səmimidirsə, o halda həm Azərbaycan, həm də Gürcüstana qarşı ərazi iddialarından birmənalı olaraq, imtina etməlidir. Bildiyimiz kimi, Ermənistanın tək Azərbaycana deyil, vaxtilə Gürcüstan, Türkiyə və İrana da ərazi iddiaları olub. 2020-ci ildə Vətən müharibəsinin gedişində Ermənistanın baş naziri etnik ermənilərin yaşadığı Gürcüstan ərazilərinə də iddia irəli sürüb. Yəni Paşinyan üç ölkə arasındakı münasibətlərin tam bərpa olunmasını istəyirsə, o halda ölkələrin ərazi bütövlüyünü dəstəkləməlidir, Ermənistanın yersiz iddialarından imtina etməlidir. Lakin bu, yaxın gələcəkdə də mümkün görünmür. Belə bəyanatlar təbii ki, ölkələrin özünü haqlı göstərmək və dünya ictimaiyyətində özünü sülhdən yana təqdim etmək səylərinin nəticəsidir. Eyni zamanda Paşinyan vaxt qazanmağa çalışır ki, bölgədə status-kvonu öz xeyirlərinə dəyişsin. İdeal vəziyyət formalaşana qədər daha az zərərlərlə siyasi proseslərə nəzarət edə bilsin".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın, Gürcüstanın və Ermənistanın iştirakı ilə regional dialoq formatının qurulmasını dəstəkləyib.