Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlama verib. XİN başçısı bu ay ermənistanlı həmkarı ilə görüşəcəyini istisna etmədiyini deyib: "Ola bilsin ki, dekabrın sonunda Ermənistanın xarici işlər naziri ilə görüşüb sülh müqaviləsi ilə bağlı danışıqlar aparacağıq. Son iki il ərzində üçtərəfli formatda müxtəlif vaxtlarda görüşlər keçirilib. Digər formatlarda görüşlərin keçirilməsi istisna deyil. Azərbaycan tərəfi istənilən formatda görüşlərin keçirilməsini hər zaman dəstəkləyir. Müsbət nəticələr olmasa da, açıq mövzuların müzakirəsi müsbət haldır. Ən azından qarşı tərəf üzərinə götürdüyü öhdəliklərlə bağlı vədlərini də yerinə yetirməlidir".
Görüşün baş tutma ehtimalına dair "Sherg.az"a danışan politoloq Turab Rzayevin qənaətincə, Qarabağa dair prosesləri Ermənistandan uzaqlaşdırmışıq:
"Qarabağ barəsində xüsusi məsələlərin danışılacağını düşünmürəm. Ermənistan sülh sazişinin imzalanması istiqamətində müzakirə aparmaq, eləcə də, Azərbaycanın Qarabağdakı erməni icmasına təsir imkalarını qəbullanmaq istəmir. Azərbaycan konkret tələblər irəli sürür.
Hərbi texnikaları, hərbçiləri çıxartmağı tələb edir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımasını, eyni zamanda Naxçıvana maneəsiz keçid üçün yol verilməsini tələb edir.
Onlar isə fərqli manipulyativ addımlar atırlar. Dəhlizi açmamaq üçün deyirlər ki, üç ədəd keçid məntəqəsindən yararlanın.
Təbii, heç bir Azərbaycan vətəndaşının sərhədi keçərək Ermənistana daxil olub Naxçıvana getməyəcəyi aydın məsələdir. Qarabağın "status" məsələsini qaldırırlar. Sonra söyləyirlər, guya Azərbaycan “genosid” törədir və yaxud formatı dəyişməyə çalışır. Qarabağda hər hansı idarəetmə forması əldə etməyə səy göstərirlər".