Ceyhun Bayramovdan Vardanyana xəbərdarlıq: “Azərbaycanı tərk etməlidir”

“Hesab edirik ki, bu şəxsin (Ruben Vardanyan) Azərbaycana gəlişindən sonra milli sərvətlər talanır. Biz həmin şəxs haqqında məlumatlara sahibik”.

Oxu.Az bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Ruben Vardanyan Azərbaycana qanunsuz gəlib və onun fəaliyyəti qanunsuzdur.

“Hətta o gəlib Azərbaycan ərazilərində cinayət törətməsə belə, yenə də fəaliyyəti qanunsuzdur. Ona görə də o bilməlidir ki, yeganə variantı Azərbaycanı tərk etməkdir”, - deyə nazir bildirib.

Qeyd edək ki, erməni əsilli milyarder Ruben Vardanyan Xankəndidə qanunsuz fəaliyyətlə məşğul olur və qızıl yataqlarının talanmasında iştirak edir.