Ən əlverişli şərait yetişib

Bakı Vardanyan barəsində cinayət işi açmalıdır

  "Xankəndinin mərkəzində Kremlin qeyri-rəsmi emissarı, avantürist milyarder Ruben Vardanyanın birbaşa təşkilatçılığı və "sponsor"luğu ilə baş tutan mitinqə insanları şirnikləndirmə, məcbur etmə, vədlər verməklə və bəzilərini isə hətta qorxutmaqla gətiriblər". Bu barədə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri qeyd edib ki, indi bizim əsas vəzifəmiz mitinqə neçə min erməninin cəlb edilməsini ayırd etmək və qarşı tərəflə bunun mübahisəsini aparmaq olmamalıdır:

"Biz hazırda əsas diqqətimizi Vardanyanın necə neytrallaşdırılması və məsuliyyətə cəlb edilməsi məsələsinə yönəltməliyik. Rəsmi Bakının bu araqızışdıranın, təxribatçının barəsində cinayət işi açmaq üçün əlində hər cürə əsasları var. Hesab edirik ki, bu gün bu addımı atmaq üçün əlverişli şərait yetişib. Çünki Ruben Vardanyanın son günlər Qarabağda atdığı qanunsuz addımları onun barəsində cinayət işi açılması üçün zəmin yaradır. Biz Azərbaycanın suveren ərazilərində quldur kimi dolaşan və insanları separatçı hərəkətlərə, təxribatlara sürükləyən bu cinayətkarı beynəlxalq axtarışa da verə bilərik. Fiziki cəhətdən zərərsizləşdirə də bilərik. Bir sözlə, beynəlxalq hüququn verdiyi imkanlar çərçivəsində istənilən addımı atmağımız mümkündür".