İrəvan danışıqlar prosesini pozur

Ermənistan uğrunda İran, Rusiya, Fransa və ABŞ arasında mübarizə gedir

  Azərbaycan XİN başçısı Ceyhun Bayramov mətbuat konfransında bir çox məqama toxunub. Nazir Ermənistanla sülh müqaviləsinin imzalanmasına mane olan məqamları açıqlayıb. Qeyd edib ki, danışıqlarda bəzi narahatedici məqamlar var: "Biz tərəfdən 3 element var. Birinci element belədir ki, hansısa layihə təqdim olunanda birdən-birə öz istək və arzularınızı ora daxil etməli deyilsiniz. Bu layihə real və beynəlxalq hüquqa əsaslanmalıdır. Azərbaycan məhz bundan irəli gələrək 5 baza prinsipini təqdim etdi. Qısa zamanda Ermənistan 5 baza prinsipində onlar üçün qəbuledilməz heç bir prinsipin olmadığını etiraf etdi. Lakin Ermənistan tərəfdən danışıqlar prosesində bəzi şərhlərə baxanda əldə olunmuş razılaşmalardan geriyə addımları görürük. 

Hesab edirik ki, bu çox ziyanlı tendensiyadır”. XİN başçısı danışıqlar prosesinin Ermənistan tərəfindən ictimai məkana sızdırıldığını da bildirib: "Prosesə çox mənfi təsir edən məqam yalnız sülh müqaviləsi ilə bağlı deyil. Ermənistan danışıqlar prosesində müzakirə predmeti olan məqamlarla bağlı ictimai məkana informasiyalar sızdırır. Bu, sosial şəbəkələr vasitəsilə edilir. Birincisi, bunu sızdırmaq danışıqlar prosesində çox ziyanlıdır. İkincisi isə bu, qarşı tərəfin mövqeyini əks etdirmir. Bizdən fərqli olaraq, vasitəçilər Ermənistanı bu məsələdə açıq-aşkar günahlandırmır. Biz bunun çox zərərli olduğunu bildirmişik. Vasitəçilər də bunu görür”. 

  "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov "Şərq"ə bildirib ki, danışıqlar prosesinin Ermənistan tərəfindən pozulması ciddi müzakirə predmetinə çevrilib. Analitik xatırladıb ki, Brüssel formatında keçirilən görüşlərdə müəyyən razılaşmalara cəhd edilirdi:

 "Düzdür, yenə də ortada hansısa konkret razılaşma, irəliləyiş yox idi. Amma ən azından görüşlər baş tutur və sülh istiqamətində cəhdlər müşahidə edilirdi. Rusiyanın Cənubi Qafqazla bağlı planlarının yenidən işə salınması, İranın maraqlarının qabarması, Fransanın avantürist hərəkətləri, ABŞ-nin müdaxiləsi prosesləri çıxılmaz hala saldı. Nəzərə alaq ki, Ermənistan indiki halda dəqiq oriyentasiyanı tuta bilmir. 

Bilmir ki, siyasi inteqrasiyanı hansı istiqamətə yönəltsin. Avropaya istiqamətləndiyi zaman Moskvadan təzyiq görür, üzünü Kremlə çevirir, Qərbin qəzəbinə tuş gəlir. Yəni danışıqlar prosesinin pozulması bir yox, bütün tərəflərin iştirak niyyətindən irəli gəlir. Ermənistan uğrunda İran, Rusiya, Fransa və ABŞ arasında mübarizə gedir. Ermənistanda birhakimiyyətlilik yoxdur. Əgər vahid idarəetmə sistemi olsaydı, bu gün belə problemlərlə qarşılaşmazdıq. Müzakirələrin də nəticələri olardı. 

Digər yandan İrəvan hökuməti erməni cəmiyyətini proseslərə hazırlaya bilmir. Hökumət və müxalifət arasında düşmən münasibət hökm sürür və bunun da acısını erməni ictimaiyyəti çəkir. Siyasi təcrübəsizlik, diplomatik danışıq mədəniyyətinin aşağı olması, hökumət-müxalifət-cəmiyyət qarşıdurması, xarici müdaxilələr ümumilikdə danışıqlar prosesini tormozlayır".