"...6 ay ərzində İran rejiminin devrilməsi baş tutacaq"


"Dövlətlər arasında "İran rejimi getsin, yaxud hələlik qalsın" mövzusunda fikir ayrılığı var. Bu fikir ayrılığı Amerikanın sabiq Prezidenti Corc Buş zamanında İraqa ABŞ-nin müdaxiləsi ərəfəsində də var idi"
  İranda fars-molla rejiminə qarşı keçirilən etiraz aksiyalarının başlamasından 100 gün ötür. Etirazlar zamanı 69-u yeniyetmə olmaqla 503 nəfər öldürülüb. Sentyabrın 17-dən dekabrın 19-dək 18 min 452 etirazçı həbs edilib. Həbs edilənlərin 652-si tələbədir. Tələbələrin iştirakı ilə şəhər və universitetlərdə genişmiqyaslı etiraz aksiyası keçirilib. Aksiyalarda 40 xarici ölkə vətəndaşı həbs edilib. Onlar iğtişaş yaratmaqda, İran əleyhinə fəaliyyət göstərməkdə ittiham olunurlar. Etirazlar Güney Azərbaycanın şəhərlərində də geniş yayılıb, soydaşlarımız küçələrə çıxaraq rejimə etiraz edirlər. Proses səngimək bilmir, əksinə, getdikcə daha da güclənir. Güney azərbaycanlılar əsasən “Azadlıq, ədalət, milli hökumət” şüarı səsləndirirlər. Bununla yanaşı aksiyalarda “Yoxsulluq, korrupsiya, bahalıq, biz hakimiyyəti devirəcəyik!”, “Qana susamış Xameneiyə ölüm!”, “Xameneiyə ölüm, Xameneiyə lənət!” və başqa şüarlar səsləndirilib. Son hadisələr arasında ən vaciblərindən biri İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin bacısı qızı, hazırda Tehran əyalətinin Vəramin şəhərindəki Karçak həbsxanasında cəza çəkən Fəridə Muradxaninin hüquqlarının pozulması və saxlanma şəraitinə etiraz olaraq aclıq aksiyası keçirməsidir. Bu barədə onun qardaşı Mahmud Muradxani tviter səhifəsində yazıb. O, Fəridə Muradxaninin ev dustaqlığına buraxılmasını tələb etdiyini də bildirib. Etirazların fonunda İranda diqqəti cəlb edən məqamlardan biri də müxtəlif cinayətlərdə ittiham olunan şəxslərlə bağlı məhkəmələrin çıxardığı edam qərarlarının icrasının sürətləndirilməsidir. Etiraz aksiyaları başlayandan bəri İranı tərk edənlərin sayı da artıb. Onlar arasında hökumət məmurlarının, habelə əvvəllər vəzifə tutmuş şəxslərin özlərinin və ailə üzvlərinin olduğu bildirilir. Məlumata görə, İran rəsmilərinin ailələri ölkədən qaçaraq əsasən Böyük Britaniyanın paytaxtı Londona sığınırlar. Bununla bağlı Britaniya parlamentində də məsələ qaldırılıb. Beynəlxalq ictimaiyyət aksiyalara geniş dəstək verib, rejimin dinc nümayişlərin dağıdılması zamanı güc tətbiq etməsini, insanları öldürməsini, yaralamasını, həbs etməsini sərt formada qınayıb.
  Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan "Şərq"ə açıqlamasında deyib ki, o, hadisələr təzə başlayanda Prezident İbrahim Rəisinin sabiq rəhbər Həsən Ruhanidən fərqli, daha "mühafizəkar" olduğunu bildirib. Partiya rəsmisi vurğulayıb ki, İ.Rəisi məhkəmə-hüquq sistemindən gəldiyi üçün asıb-kəsməyə, qəddarlığa daha meyillidir: "Demişdim ki, bir müddətdən sonra İranda amansız edamlar başlayacaq. "İslahat" nağılları üsyanlar səngiyənədək keçərlidir. Məsələ ondadır ki, hələ İranı quran kənar güclər molla rejiminin "fatihəsi"ni verməyib. İranın varlığı ilə çoxları "siyasi alver" edir. Onlar dünya siyasətinin balansını tənzimləyir, müsəlmanlara qarşı İrandan alət kimi istifadə edirlər. Bilirik ki, Fransa ilə İranın Azərbaycana, Türkiyəyə qarşı açıq düşmənçiliyi davam edir və bu, təsadüfi deyil. İran rejimi vaxtilə Amerika, Fransa və bir sıra Qərb dövlətləri tərəfindən təşkil olunub. Dünya müsəlmanlarının əksəriyyətini təşkil edən sünni müsəlman dövlətlərə qarşı balans yaratmaq amacı ilə "şiə dövləti" kimi meydana çıxarılıb. Ona görə ABŞ-nin və digər Qərb dövlətlərinin İran barədə fikir mübadiləsi davam edir və hələ yekun qərar yoxdur. Dövlətlər arasında "İran rejimi getsin, yaxud hələlik qalsın" mövzusunda fikir ayrılığı var. Bu fikir ayrılığı Amerikanın sabiq Prezidenti Corc Buş zamanında İraqa ABŞ-nin müdaxiləsi ərəfəsində də var idi. Amerikanın ilk fikri İraqa deyil, İrana girmək idi. Ancaq razılıq əldə olunmadı və Qərb ölkələri, əsasən də Britaniya İraqa girmək lazım olduğu haqda israr etdi. Beləcə İran xilas oldu. Hətta İranın o dövr Prezidenti Hatəmi Əfqanıstanda Talibana qarşı Amerika Birləşmiş Ştatlarına ciddi dəstək verdiklərini etiraf etmişdi. Hazırda İran rejiminin yıxılmasını Amerikadan böyük təkidlə istəyən İsraildir".
  T.İrfan vurğulayıb ki, indiki halda etirazların rejimi dəyişdirəcəyinə inanmaq çətindir: "Bu məsələdə həlledici qüvvə xalq yox, İran rejimini quran və idarə edən xarici qüvvələrdir. Məhz Qərbin razılığa gəlməməsinin nəticəsidir ki, xalqın içindən liderlər də çıxmır, etirazlar təmərküzləşmir. Əgər Qərb dövlətləri İran rejiminin getməsində ortaq məxrəcə gəlsələr, 6 ay ərzində rejimin devrilməsi baş tuta bilər. Əks halda kütləvi edamlar davam edəcək və bir müddət sonra üsyanlar yatırılacaq. Heç bir islahat da baş verməyəcək. Son olaraq deyim ki, Azərbaycana qarşı İranı təhrik edən Fransadır. Ermənistanı təhrik edən isə hər ikisidir. İranın Azərbaycana və Türkiyəyə qarşı çıxması Fransanı və türk düşməni olan Yunanıstan kimi dövlətləri bir növ məcbur edir ki, onlar İrana gizli dəstək versinlər. İran rejimi Azərbaycan müstəqil olandan bu yana güneyli soydaşlarımıza təzyiq edir, hüquqlarını pozur".