Avropada ən dərin izi məhz türklər buraxıblar

Ona görə Avropada antiislam və anti-Türkiyə mövqeyi daim paralel aparılıb

“Türklər İsveçi tarixi rəzalətdən xilas etmişdilər. Bunları isveçlilərə yenidən xatırlatmaq lazımdır. Hətta hesab edirəm ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya qəbuluna veto qoymalıdır”

  İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğana qarşı nümayiş təşkil ediblər. Stokholmda "Norra Bantorget" meydanına toplaşan terror tərəfdarları İsveçin NATO-ya üzvlük prosesində Türkiyə ilə bağladığı müqavilənin ləğvini istəyiblər. Bundan əlavə, Danimarkanın ekstremist sağçı "Hard Course" ("Sərt kurs") Partiyasının lideri Rasmus Paluda Türkiyənin Stokholmdakı səfirliyinin divarları qarşısında antiislam təxribatı həyata keçirib. Paluda müsəlmanlar üçün müqəddəs kitab olan "Qurani-Kərim"in nüsxəsini açıq şəkildə yandırıb. Sağçı ekstremistin təhlükəsizliyi isə yerli polis tərəfindən təmin edilib. 

Türkiyə baş verənlərə sərt reaksiya bildirib. Hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Numan Kurtulmuş deyib ki, belə davam edərsə, İsveçin NATO-ya daxil olması məsələsi Türkiyə tərəfindən heç vaxt təsdiqlənməyəcək. Onun sözlərinə görə, aksiyanın Türkiyə səfirliyi qarşısında keçirilməsinin başqa məna və əhəmiyyəti var: "Türkiyəni 2 milyard müsəlman dünyasının qabaqcıl və müdafiəçisi kimi görürlər. Qüdrətli böyük Türkiyəni həzm edə bilmirlər. Nəyin nə olduğunu, kimin kiminlə məşğul olduğunu bilirik. İstəyirik ki, hər bir problem diplomatiya masasında həll olunsun. Biz İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı proseslərlə bağlı fikirlərimizi çox aydın ifadə etmişik. Ölkənizdə terror təşkilatlarına siyasi, mədəni və mənəvi dəstək verəcək zəmin yaratmayın. Terrora dəstəyi dayandırın. Bu hücum bir daha göstərir ki, İsveç terrora dəstəyi dayandırmır". Azərbaycan Xarici İşlər Nazirliyi də İsveçin paytaxtı Stokholmda aksiya zamanı "Qurani-Kərim"ə qarşı təhqiramiz hərəkəti pisləyib: "Açıq nifrət cinayəti kimi islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil. Biz İsveç hökumətini bu nifrət cinayətini törədənləri tezliklə ədalət mühakiməsi qarşısına çıxarmağa çağırırıq”. Bir sıra ərəb ölkələri və təşkilatları da İsveçin paytaxtında yandırılmasını pisləyib. “Əl-Əzhər” Universiteti baş verənlərə görə İsveç hakimiyyətini günahlandırıb. Bəhreyn, Misir, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin xarici işlər nazirlikləri də radikalları qınayıb. Reaksiyalardan sonra İsveçin baş naziri Ulf Kristersson "Qurani-Kərim"in yandırılmasını hörmətsizlik adlandırıb. Kristersson bununla bağlı tviter hesabında paylaşım edib: "Bir çoxları üçün müqəddəs kitabların yandırılması dərin hörmətsizlikdir. Stokholmda baş verənlərdən incimiş bütün müsəlmanlara təəssüf hisslərimi bildirmək istəyirəm”. 

  AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli "Şərq"ə bildirib ki, Avropada antiislam və anti-Türkiyə mövqeyi daim paralel aparılıb. Partiya rəsmisi qeyd edib ki, avropalılar islamafobiya ilə türkofobiyanı heç zaman bir-birindən ayırmayıblar:

 "Qərbdəki düşmənlər, radikallar bu iki məsələni eyni görüblər. Çünki türklər, xüsusən Osmanlı islam dininin bayraqdarı olub. İndi də bayraqdarlıq davam etdirilir. Müsəlmanlar içində Avropada ən dərin izi məhz türklər buraxıblar. Avropanın dənizləri Osmanlı daxili dəryaları halına gəlib. Qərb bunu da heç zaman unutmur. Çünki tarixi yaddaş deyilən bir anlayış var. Türkiyə Cümhuriyyətinin Ərdoğanın rəhbərliyi ilə dünya gücünə çevrilməsi, sürətli inkişafı Avropanı ciddi narahat etməkdədir. Antiislam və anti-Türkiyə mövqelərinin yenidən ortaya çıxması bununla bağlıdır. 

Türklərə qarşı ən çox nifrət isə Skandinaviya ölkələrindədir. İsveçdə PKK-lılar özlərini ikinci vətəndə hiss edirlər, çünki onlara hər cür şərait yaradılır. Ona görə də rahat şəkildə "Qurani-Kərim"i polisin qoruması altında yandırırlar. Ancaq bu, çox çirkin hərəkətdir". 

  Ə.Məmmədli qeyd edib ki, ən radikal müsəlman ölkəsində belə "İncil" və "Tövrat"ın yandırılması hadisəsi baş verməyib:

 "Buna icazə yoxdur. Ancaq Avropanın ən sivil ölkəsində müsəlmanların müqəddəs kitabının yandırılmasına imkan yaradılır. Halbuki İsveçin NATO-ya daxil olmaq məsələsində Türkiyəyə ehtiyacı var. İsveç tarixinin ən şanlı dönəmi XII Karlın hakimiyyət dönəmi idi. Həmin kralı ruslara biabırçı şəkildə əsir düşməkdən türklər xilas etmişdi. Kralı və ailəsini uzun müddət qonaq etmiş, ehtiyaclarını ödəmiş və öz ölkəsinə təmtəraqlı yola salmışdılar. Yəni türklər İsveçi tarixi rəzalətdən xilas etmişdilər. Bunları isveçlilərə yenidən xatırlatmaq lazımdır. Hətta hesab edirəm ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya qəbuluna veto qoymalıdır. Ən azından öz çirkin siyasətlərindən dönməyənədək Ankara öz mövqeyini qorumalıdır".