Ravvinin addımı Azərbaycan xalqı ilə əsl həmrəylik nümunəsidir

"Biz cənab Avixal Apelə ölkəmizə verdiyi səmimi və obyektiv dəstəyinə görə təşəkkür edirik”

“Ravvin prosesləri Qərbin bir çox siyasi liderlərindən daha düzgün qiymətləndirə bilir”

  Strasburqda Avropa Şurası kompleksində Holokost qurbanları anılıb. Almaniya XİN rəhbərinin də iştirak etdiyi mərasimdə Ortodoks Konfederasiyasının ravvini (dini rəhbər) Avixay Apel də çıxış edib. Ravvin çıxışında dünyanı İrana nüvə silahı əldə etməyə imkan verməməyə çağırıb və Azərbaycana xüsusi diqqət ayırıb. 

O qeyd edib ki, Azərbaycan şiə çoxluğa malik əhali ilə əsrlərdir yəhudilərə isti və qayğı ilə davranıb. Bildirib ki, ölkəmizdə antisemitizm yoxdur və İrana qarşı mübarizə aparırıq. Ravvin təəssüf ilə bildirib ki, öz ürəyini yəhudilərə açan, İsraildə səfirlik təsis edən bu müsəlman ölkəsi Avropa İttifaqı tərəfindən lazımi dəstəyi almır: "Əksinə, Fransa Senatı təhlükəsizliyin qorunması və mənəvi dəyərlərin əhəmiyyəti mövqeyini tutan, bununla da Avropanın sərhədlərini qoruyan bu vacib əhəmiyyətli ölkədən neft və qaz alışına embarqo qoymağa çağırır". Avixay Apelin çıxışı Azərbaycan ictimaiyyətində məmnunluqla qarşılanıb. 

  Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, ravvin prosesləri Qərbin bir çox siyasi liderlərindən, parlamentarilərindən fərqli olaraq daha düzgün qiymətləndirə bilir:

"Biz cənab Avixal Apelə ölkəmizə verdiyi səmimi və obyektiv dəstəyinə görə təşəkkür edirik. Ravvinin bu addımı Azərbaycan xalqı ilə əsl həmrəylik nümunəsidir. Azərbaycana qarşı ard-arda qətnamələr qəbul edən Fransa Senatı, Avropa Parlamentinin üzvləri, Laçın yolundakı vəziyyətlə bağlı qərəzli bəyanat yayan BMT-nin Əhali Fondunun rəsmiləri obyektiv və müdrik din xadimlərindən nümunə götürməlidir. Nəhayət, onlar da Azərbaycan kimi önəmli bir ölkəyə düzgün münasibət sərgiləmək yolunu tutmalıdırlar. Bir din xadiminin Azərbaycanla bağlı səsləndirdiyi həqiqətlər Qərbin dar düşüncəli və ermənipərəst siyasətçilərini utandırmalıdır".