Mirzoyanın açıqlamaları yalnız zaman qazanmaqdır

İrəvana tezislər ya Qərbdən gəlir, ya da Moskvadan

  Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, İrəvan Cənubi Qafqaz ölkələri arasında üçtərəfli dialoqun inkişafında maraqlıdır. Onun sözlərinə görə, Tbilisi platforması İrəvan tərəfindən üçtərəfli müzakirələr sferasında nəzərdən keçirilir: "Ermənistan Cənubi Qafqaz ölkələri arasında üçtərəfli dialoqun inkişafına böyük maraq göstərir. Biz mümkün Tbilisi platformasını Ermənistanla Azərbaycan arasında ikitərəfli görüşlər çərçivəsində deyil, regional üçtərəfli müzakirələr sferasında nəzərdən keçiririk”.

  Politoloq Əziz Əlibəyli "Şərq"ə açıqlamasında deyib ki, regionda sülh və əməkdaşlıqda Gürcüstan da maraqlıdır. Analitik bildirib ki, regional müttəfiqlik və əməkdaşlıqla yanaşı, təhlükəsizlik nöqteyi-nəzərindən də Tbilisi-Ankara-Bakı mövqeləri üst-üstə düşür və Qərbin əsas müttəfiqləri sayılır:

 "Bu mənada Ermənistan-Gürcüstan xəttində də müəyyən ortaq mövqelər olduğu zaman üçlü müzakirə üçün Tbilisi platforması kifayət qədər uğurlu ola bilər. Amma Gürcüstan həlledici bir coğrafiyada yerləşsə də, dövlət olaraq həlledici güc deyil. Tbilisi platforması daha çox Azərbaycan və Türkiyə arasındakı razılaşdırılmış formatdır və bir az da asılı durumdadır. Bəs Gürcüstan İrəvanla bağlı özünü niyə doğrulda bilmir? Çünki Ermənistan öz düşüncəsini yürüdə biləcək qüdrətdə deyil. İrəvana tezislər ya Qərbdən gəlir, ya da Moskvadan. Yəni nə diktə olunursa, proseslərə baxışlar o cür formalaşır. Mirzoyanın açıqlamaları başadüşüləndir. Ermənistan tərəfi guya dialoqda maraqlı olduğunu, rəsmi Bakıya sülh təklif etdiyini göstərməyə çalışır. Ancaq real olan odur ki, xeyli vaxtdır Azərbaycan-Ermənistan sülh danışıqlarında ciddi boşluqlar var. Ermənistan bizi qane etməyən mövqeyə sahibdir".