“Environmental protection first”: Ermənistan Orxus və Espo konvensiyalarının tələblərini pozmağa davam edir

“Artıq bir ildir ki, “Environmental protection first” koalisiyası öz fəaliyyətini icra edir. Koalisiya son 1 il ərzində Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayesi müəssisələrinin Qafqazın ətraf mühitinə vurduğu ziyanı diqqətlə izləməkdədir. Koalisiyaya üzv olan təşkilatlar tərəfindən bu istiqamətdə aktiv fəaliyyət həyata keçirilməkdədir".

Sherg.az APA-ya istinadən xəbər verir ki, bunu “Environmental protection first” koalisiyasının həmtəsisçisi Amin Məmmədov bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib.

O, 2023-cü ilin yay aylarında təsis olunan koalisiyanın ilk olaraq Ermənistanın tarixi Arazdəyən adı daşıyan Naxçıvanla həmsərhəd ərazidə metallurgiya zavodu tikmək planlarına etiraz bəyanatı ilə fəaliyyətinə başladığını xatırladıb: “Bu fəaliyyətin nəticəsi olaraq xarici investorlar tərəfindən maliyyələşməklə layihələndirilən zavodun tikintisi dayandırıldı. Azərbaycanda fəaliyyət göstərən QHT-lərin həmrəylik göstərərək buna etiraz etməsi öz rolunu oynadı”.

Amin Məmmədovun sözlərinə görə, koalisiya təsis edildikdən sonra Ermənistan ərazisində 20-dən çox nöqtədə, Azərbaycanla həmsərhəd bölgələrə yaxın ərazilərdə Ermənistan Respublikası tərəfindən müxtəlif əlvan və qara metallar hasil edən sənaye müəssisələrinin peyk görüntüləri əsasında hesabat hazırlanıb və o ictimaiyyətə açıqlanıb”.

Həmtəsisçi əlavə edib ki, 2024-cü ilin əvvəlində Amuldağ yatağında qızıl hasilatı ilə bağlı Ermənistan hökumətinin planlarına qarşı etiraz edən erməni QHT-lərinə koalisiya tərəfindən dəstək ifadə olundu: “Bu fəaliyyətin ardınca 2024-cü ilin may ayında koalisiyanın üzvü olan Azərbaycan Kartoqraflar Cəmiyyətinin hazırladığı erməni, ingilis və Azərbaycan dillərində Ermənistanın dağ-mədən sənayesi xəritəsi ictimaiyyətə təqdim edildi. Bütün bu fəaliyyətlər və etirazlara baxmayaraq, Ermənistan hökuməti hələ də xarici investor şirkətlərin Ermənistan ərazisində bu fəaliyyətlərə yatırım etməsinə imkan yaradır və burada ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatlarını nə Ermənistan ictimaiyyətinə, nə də qonşu ölkələrə təqdim etməsini tələb etmir”.

O vurğulayıb, Ermənistan qoşulduğu və ictimaiyyətin məlumata əlçatanlığını təmin etməsini tələb edən Orxus konvensiyasını, həmçinin transsərhəd bölgələrdə ƏMTQ-ni tələb edən Espo konvensiyasının tələblərini ciddi şəkildə pozmağa davam edir: “Bununla əlaqədar Azərbaycanın istər müvafiq dövlət qurumları, istərsə də vətəndaş cəmiyyəti tərəfindən dəfələrlə etirazlar ifadə edib. Azərbaycanın müstəqil ekspertləri Ermənistanda həmin ərazilərdə fəaliyyət göstərən müəssisələrdə monitorinq keçirilməsi və bu monitorinqə Azərbaycan mütəxəssislərinin cəlb edilməsini tələb edib. Bu tələbin yerinə yetirilməsi ilə bağlı Ermənistan tərəfindən heç bir açıqlama və ya mövqe bildirilməyib. Koalisiya üzvləri olaraq biz bu məsələyə qəti şəkildə bir daha etirazımızı bildirir və beynəlxalq ictimaiyyətin də diqqətini bu məsələyə yönəltməklə Ermənistanın bu sahədə ciddi addım atmasını tələb edirik”.