Türkiyə XİN rəhbəri: “Blinkenlə bazar ertəsi görüşəcəyik”

“ABŞ Dövlət katibi Antoni Blinkenin Türkiyəyə səfəri zəlzələdən əvvəl planlaşdırılmışdı”.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada NATO-nun Baş katibi Yens Stoltenberqlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Blinken fevralın 19-da regiona gələcək, sonra Ankaraya yollanacaq.

“Bazar ertəsi (20 fevral – red.) görüşlərimiz olacaq. Biz ikitərəfli əlaqələrimizi müzakirə edəcəyik. İsveç və Finlandiyanın NATO-ya üzvlüyü və Ukraynadakı müharibə, əlbəttə ki, ön plana çıxacaq. Görüşdən sonra keçirdiyimiz mətbuat konfransında lazımi məlumatları çatdıracağıq”, - deyə XİN rəhbəri bildirib.

Çavuşoğlu həmçinin zəlzələdə göstərdiyi dəstəyə görə Vaşinqtona təşəkkür etdiklərini də bildirib və Blinkenin əlavə kömək üçün daha iki dəfə zəng etdiyini vurğulayıb.