Maraqlı tərəf yenə Fransadır

Münhendə İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir


  "17-19 fevralda keçiriləcək Münhen Təhlükəsizlik Konfransında Azərbaycan dövlət başçısı İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilir". Bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, bu, ikitərəfli görüşün və növbəti debatın keçirilə biləcəyi məsələsini də gündəmə gətirir: "44 günlük müharibədən öncə - 2020-ci ilin fevralında Münhendə tərəflərin debatı təşkil olunmuşdu. Prezident İlham Əliyevin açıq üstünlüyü və Paşinyanın məşhur “kokeyşn büro” söhbəti ilə yadda qalan debat həm də Azərbaycan və Ermənistan liderlərinin beynəlxalq ictimaiyyət önündə ilk açıq müzakirəsi idi. 

Həmin vaxt Bakı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması baxımından debatda maraqlı tərəf idi. İndi isə “Qarabağdakı ermənilər “humanitar fəlakət”lə üzləşib” iddialarını yaymaq baxımından Ermənistan debatın təşkilini istəyə bilər. Hərçənd dövlət başçısı İlham Əliyevlə üz-üzə gələrsə, Paşinyanın yenidən çətin vəziyyətə düşməsi qaçılmaz olacaq".

  Analitikə görə, Münhendə Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyanın ikitərəfli görüşünün keçirilməsində maraqlı tərəf Fransadır: 

"Mümkündür ki, Makron belə bir görüşün baş tutması ilə “vasitəçiliyi”ni bərpa etməyə və Fransanın Cənubi Qafqazda aktiv rol oynadığını nümayiş etdirməyə çalışacaq. Türkiyə (zəlzələyə görə) və Rusiyanın liderlər səviyyəsində iştirak etməyəcəyi Münhendə özünü göstərmək baxımından da Makron üçün fürsətdir. Lakin belə bir görüşün baş tutub-tutmayacağında həlledici sözü yenə dövlət başçısı İlham Əliyev deyəcək".