FHN-in Türkiyədəki hospitallarına zəlzələdən zərərçəkmiş 1000-ə yaxın şəxs müraciət edib

"Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyənin Kahramanmaraş şəhərində fəaliyyət göstərən mobil səhra hospitallarına indiyədək zəlzələdən zərərçəkmiş 1000-ə yaxşın şəxs müraciət edib".
Bunu "Report"un Türkiyəyə ezam olunan əməkdaşına açıqlamasında nazirliyin Tibb Mərkəzinin poliklinika şöbəsinin terapevti tibb xidməti kapitanı Qurban Eyvazov deyib.
O bildirib ki, müracət edənlərə ilkin yardım göstərilib, müalicə və müayinə olunub, təyinatlar verilib:
"Bildiyiniz kimi, Fövqəladə Hallar Nazirliyinin ilk mobil səhra hospitalı fevralın 9-dan Türkiyənin Kahramanmaraş şəhərində fəaliyyət göstərir. Biz daha çox ambulator xəsarətləri qəbul edirik. İndiyədək hospitallarımızda 1000-ə yaxın xəstə qəbul etmişik".
Tibb xidməti kapitanının sözlərinə görə, gün ərzində mobil səhra hospitallarına 74 xəstə qəbul olunub:
"Müraciət edən xəstələrin çoxu isə baş vermiş zəlzələnin dağıntıları zamanı xəsarət alanlar və donvurmalardır. Eyni zamanda hospitala uzun müddət şəraitsiz şəkildə yaşadıqlarına görə qeyd alınmış infeksion xəstəliklərə tutulan insanlar müraciət edir. Bizm də burada hər cür mütəxəssislərimiz çalışır. Müraciət edən xəsrələrə günün 24 saatı yardım göstəririk", - Q.Eyvazov vurğulayıb.