Politoloqun fikrincə, bu həm nazir, həm parlament, həm də media səviyyəsində müşahidə olunur
Rusiya-Ukrayna müharibəsi uzandıqca dünyanın nüvə xofu artır. Xüsusən də vaxtaşırı Rusiya rəhbərliyinin Ukrayna və ABŞ-ni açıq təhdid etməsi nüvə müharibəsinin olma ehtimalını daha da artırır.
Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzünün birinci ildönümü ərəfəsində ABŞ Prezidenti Co Baydenin Kiyevə sürpriz səfərindən bir gün sonra Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev nüvə müharibəsindən danışıb. Onun sözlərinə görə, Rusiya öz müdafiəsi üçün istənilən silahdan, o cümlədən strateji nüvə silahlarından və yeni prinsiplərə əsaslanan silahlardan istifadə edə bilər.
ABŞ-ni beynəlxalq sabitliyin arxitekturasını məhv etməkdə günahlandıran Medvedyev deyib ki, dünya qlobal münaqişə astanasındadır: “Rusiya özünü istənilən vasitə ilə, o cümlədən nüvə silahı ilə müdafiə edəcək. Əgər ABŞ Rusiyanı məğlub etmək istəyirsə, ondan bizim özümüzü bütün silahlarla, o cümlədən nüvə silahı ilə müdafiə etmək hüququmuz var”.
Xatırladaq ki, eyni gündə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov da Rusiyanın nüvə silahından istifadə etmək hüququnun olduğunu söyləyib. Hazırda Vaşinqtonun davranışının yaxşılığa doğru dəyişməsinə işarə olmadığını söyləyən diplomat Rusiyanın nüvə silahının tətbiqindən çəkindirmə sahəsində sübut edilmiş təcrübəyə malik olduğunu bildirib.
"Rusiya ABŞ-nin START müddəalarına əməl etməsinə nəzarət etmək üçün öz vasitələrindən istifadə edə bilər. Rusiya artıq Fransa və İngiltərənin potensialını nəzərdən qaçıra bilməz, onların silahları ABŞ ilə birlikdə Moskvaya qarşı vahid yumruqdur. ABŞ Rusiyanın məğlub olmasını istəyirsə, o zaman Rusiya nüvə silahı də daxil olmaqla istənilən silahla özünü müdafiə edəcək. Dünya qlobal münaqişə astanasındadır”.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynovun “Şərq”ə açıqlamasına görə, Rusiyanın yüksəkvəzifəli şəxsləri üçün ölkələrini nüvə təhdidi ilə müdafiə etmək adət halını alıb. Politoloqun fikrincə, bu həm nazir, həm parlament, həm də media səviyyəsində müşahidə olunur:
“Hətta ölkə Prezidenti Vladimir Putinin də bu səpkidə bir çox çağırışının şahidi olmuşuq. Xüsusilə də Ukraynanın 4 bölgəsinin, Xerson, Donetsk, Luqansk, Zaporojyenin rus qoşunları tərəfindən işğalından sonra keçirilən referendum və sözügedən ərazilərin Rusiyaya birləşdirilməsi fonunda taktiki nüvə silahından istifadə məsələsi aktual məsələyə çevrildi. Bu hadisədən sonra bir çox ekspertlər Rusiyanın nüvə silahından istifadəsini real hesab edir, dünya ölkələri rəsmi Moskvanın nüvə silahından istifadə etməsindən təşviş keçirirlər.
Rusiyalı ekspertlər də bu tədidləri belə şərh edirlər ki, ya biz qalib gələcəyik, ya da hamı uduzacaq. Bütün bunlar onu göstərir ki, həqiqətən də, müharibənin gedişində nüvə silahlarına müraciət bütün dünya üçün böyük bir fəlakətlə nəticələnə bilər.
Bu cür çağırışlar artıq bir ildir ki, dünyanın gündəmindədir. Lakin anlamaq lazımdır ki, nüvə müharibəsi bütün bəşəriyyət üçün təhlükədir. Bu təhlükənin qarşısını almaq üçün daha təmkinli və uzaqgörən siyasi baxışlara malik olmaq gərəklidir. Hazırda gedən geosiyasi proseslərdə tərəflərdən kiminsə nüvə silahına müraciət edəcəyini istisna edən ekspertlər var. Halbuki Putinin göstərişi ilə rus qoşunlarının və rus atomlarının kifayət qədər güclü hazırlıq səviyyəsinə gətirilməsi onu deməyə əsas verir ki, lokal yox, qlobal nüvə təhlükəsi heç də istisna deyil.
Nüvə silahına müraciət edəcək tərəflər belə bunun necə təhlükəli olduğunu başa düşürlər. Amma bu mövzuda danışan siyasi və hərbi ekspertlər məsələni çox cılızlaşdırır. Sanki Putin bütün dünyanı atom bombası ilə yox, adi bir tapança ilə hədələyir. Çox təəssüf ki, bir çoxları dünyanı gözləyən radiasiya təhlükəsi və öldürücü dalğanın nə qədər böyük olduğunun heç fərqində deyil.
Tövsiyə edirəm ki, Rusiyanın nüvə təhdidini gözardı edənlər Çernobil, Xirosima və Naqasaki faciələrinə ötəri bir nəzər salsınlar. Müasir texnologiyalarla nüvə arsenalının təkmilləşdirilməsinin nə qədər geniş insan tələfatına səbəb olacağını da tədqiq etsinlər. Geniş bir arealda hər şeyin məhv edilməsi və gələcək illərdə də bu fəsadların yaşanması ən arzuolunmaz ssenaridir. Kifayət qədər diqqətli və rasional davranmaq lazımdır”.