Vahid Əhmədov: Rusiya ilə danışıqlar davam etməlidir


"Laçın dəhlizində gömrük və sərhəd-keçid məntəqəsi olmalıdır"


  Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. Gündəlikdə olan 27 məsələdən əvvəl deputatlar cari məsələlərlə bağlı çıxışlar ediblər. Çıxışlardan öncə isə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

"Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Laçın yolu ilə daşınan yüklərə nəzarət hüququnu nəzərə alır"

  Deputat Kamal Cəfərov bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Laçın yolunda sərbəst hərəkəti təmin etməsini nəzərə alır. Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın bəyanatları göstərir ki, Ermənistan Laçın yolunda şəffaf fəaliyyətin tərəfdarı deyil: “Mirzoyan yəqin ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarını oxuyanda artıq başa düşüb ki, Azərbaycanın dəhlizlə aparılan yüklərə nəzarət etmək hüququ nəzərə alınır”.

"Gəncədə 5-6 mərtəbədən hündür binaların tikilməsi qadağan edilməlidir"

  Deputat Naqif Həmzəyev bildirib ki, Gəncədə 5-6 mərtəbədən hündür binaların tikilməsi qadağan edilsin. Onun sözlərinə görə, Gəncə seysmik ərazidə yerləşir. Şəhərdə binalar və xəstəxanalar mütləq müvafiq seysmoizolyatorlar əsasında tikilməlidir: “Kahramanmaraş şəhərinin yerləşdiyi piltə kəsişməsi ərazisində yerləşən regionda 1138-ci ildə baş vermiş böyük Aleppo zəlzələsindən cəmi 1 il sonra 1139-cu ildə Gəncədə güclü zəlzələ olub və Göygöl yaranıb. Bu tarixi hadisə mütləq tikintilər zamanı nəzərə alınmalıdır. Aidiyyəti qurumlar bu məsələyə nəzarəti artırmalıdır. İnanıram ki, şirkətlər pul qazanmaq naminə vətəndaşların faciəsinə yol açmayacaq”.

"Xocalı soyqırımı şahidlərinə soyqırımına məruz qalmış şəxs statusu verilməlidir"

  Millət vəkili Elman Məmmədov deyib ki, Xocalı soyqırımının şahidlərinə soyqırımına məruz qalmış şəxs statusu verilsin. Deputat Xocalı abidəsinin ziyarət olunmasının dövlət protokoluna salınmasını da təklif edib: "Bakının Xətai rayonundakı "Ana harayı" abidəsinin ziyarət edilməsi rəsmi protokola salınsın. Düzdür, Şəhidlər xiyabanı ziyarət olunur, amma onunla paralel "Ana harayı" abidəsi də ziyarət edilməlidir. Digər məsələ odur ki, Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. Ancaq soyqırımda öldürülmüş şəxslərin ölüm kağızında "milli zəmində qətlə yetirilmiş", sağ qalanlara da "milli zəmində əlil olmuş" kimi yazılır. Bunu doğru hesab etmirəm. Şahidlərə xüsusi status, "soyqırıma məruz qalmış şəxs" statusu verilməlidir. 

"Deputat İranı xainlikdən əl çəkməyə çağırıb"

  Deputat Sahib Alıyev Aİ-nin mülki missiya göndərməsinə səssiz qalan İranı xainlikdən əl çəkməyə çağırıb: "Rusiyanın Ukraynada ikinci xüsusi əməliyyat olaraq başlatdığı, sonra əsl savaşa çevrilən olayların birinci ildönümündə diqqəti Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağda baş verən insidentlərə yönəltmək istəyirəm”. S.Alıyev deyib ki, Fransa Cənubi Qafqaz regionunda napoleonluq etmək istəyir: “Müsyö Makron boyu Napoleondan 21 sm hündür olsa da, digər göstəricilərinə görə km-lərlə geridədir. Elə Fransa da o Fransa deyil, sadəcə, yırtıcı mahiyyəti qalmaqdadır. Bu dövlətin Ermənistana jandarmlarını göndərməsi haylara sevgi yox, yırtıcılıqdır. Bəzi yırtıcı dövlətlərin təhriki, yaxud onlara güvənilərək bizim üçün yetərincə uğurlu keçən Münhen görüşündən sonra regionda yenidən gərginlik yaradılır. Təkcə şərti sərhəddə deyil, Qarabağda Rusiya kontingentinin gözü qarşısında Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması bu gün rəqib kimi görünənlərin sabah müttəfiqlik edə biləcəklərindən xəbər verir. Yeri gəlmişkən, könlündən onlara yandaşlıq keçən bir ölkə - İran da var”. Deputat Avropa İttifaqının mülki missiya adı altında “de-fakto” hərbçilərin və kəşfiyyatçıların göndərilməsinə diqqət çəkib və İranın buna qarşı susduğunu qeyd edib, İranı xainlikdən əl çəkməyə çağırıb: “Çünki Fransa bu regiona 100 min jandarma göndərsə də, İran onları əmmamə, üzük, təsbeh və başqa şeylə təmin etsə də, müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, biz yarımçıq qalmış işlərimizi tamamlayacağıq”.

  Millət vəkili Vahid Əhmədov deyib ki, Laçın dəhlizində nəzarət mexanizmini həyata keçirmək üçün Rusiya ilə danışıqlar davam etməlidir. Onun sözlərinə görə, Laçın dəhlizində gömrük və sərhəd-keçid məntəqəsi olmalıdır ki, Ermənistandan Qarabağa silah və sursat daşınmasın: "Rusiya sülhməramlılarının orada faktiki qalma müddəti var. Eyni zamanda Qarabağdan qanunsuz erməni hərbi birləşmələri çıxarılmalıdır. Beləliklə, həm Laçın dəhlizi, həm də Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin çıxarılması məsələsi həllini tapmalıdır”.