Cəsarətli adamdır: Consonun NATO-nun baş katibi olmağa şansı var

Baş nazir olduğu müddətdə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi müstəvisində o, özünü prinsipial və qətiyyətli lider kimi tanıda bilib


  Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson NATO-nun baş katibi olmaq istədiyini bildirib. Bu barədə Conson ukraynalı jurnalistlərin alyansa rəhbərlik etmək perspektivləri haqqında danışarkən deyib. O, baş katibliyin yaxşı fikir olduğunu söyləyib: "Elan etməliyəm ki, belə bir fikir var. Mən özümü namizəd hesab edirəm. Bu, çox yaxşı, vacib bir vəzifədir. NATO indi həmişəkindən daha güclüdür".
Siyasi şərhçi Elçin Mirzəbəyli xatırladıb ki, Conson baş nazir kimi istefaya getdikdən dərhal sonra “Teleqraf” nəşri onun NATO-nun baş katibi ola biləcəyini və bu səbəbdən baş nazir postundan getdiyi ehtimalını irəli sürmüşdü. Onun sözlərinə görə, Boris Consonun NATO-nun baş katibi ola biləcəyi ilə bağlı ekspertlər səviyyəsində açıqlamalar 2022-ci ilin avqustundan gündəmindədir. Amma ilk dəfədir ki, Conson özü bu barədə danışıb və həm də Ukrayna telekanalına müzakirəsində. NATO-nun indiki baş katibinin səlahiyyət müddəti 2023-cü ilin avqustunda başa çatır. Boris Consonun namizədliyinin hələ 2022-ci ilin sonlarında qeydə alındığı və üzv ölkələrin müzakirəsinə təqdim edildiyi barədə məlumatlar da var. Əgər bu məlumatlar doğrudursa və Conson öz namizədliyi barədə açıq danışmağa başlayıbsa, o zaman müzakirələrin müsbət zəmində aparıldığını söyləmək olar. NATO-da baş katib ilə bağlı qərar diplomatik məsləhətləşmələr və konsensus yolu ilə qəbul olunur. Alyansda səsvermə anlayışı yoxdur. Yəni əgər baş katibin namizədliyi ilə bağlı ortaq razılıq əldə olunubsa, o zaman onun adı NATO-nun ali orqanının Şimali Atlantika Şurasının gündəliyinə təqdim olunur və elan edilir". 
  Analitik "Consonun NATO-nun baş katibi olmağa şansı varmı" sualını belə cavablandırıb: "Əlbəttə ki, var. Baş nazir olduğu müddət ərzində Rusiyanın Ukraynaya hərbi müdaxiləsi müstəvisində Conson özünü cəsarətli, prinsipial və qətiyyətli lider kimi tanıda bilib. Bu da ona təkcə Ukraynada deyil, Rusiyanın əzici təsir gücündən xilas olmaq istəyən, yaxud Rusiya təhlükəsindən qorunmaq üçün daha ciddi müdafiəyə ehtiyac duyan ölkələrdə də böyük nüfuz qazandırıb. Conson Rusiya-Ukrayna müharibəsinin fonunda NATO-nu gücləndirə, mərkəzdənqaçma meyillərini aradan qaldıra və təkcə Rusiya üçün deyil, qlobal güc olmaq iddiasına düşən ölkələr, o cümlədən Çin üçün də ciddi problemlər yarada bilər. NATO-nun baş katibi hərbi planlaşdırma prosesində iştirak etməsə də, onun siyasi qərarların qəbul edilməsində rolu az deyil. Conson NATO-nun şərqə doğru genişlənməsinin, Avrasiya məkanında Rusiya və Çinin hərbi-siyasi təsir imkanlarının minimuma endirilməsinin, Alyansın bütün dünyanın istisnasız olaraq qəbul etdiyi və hesablaşdığı hərbi-siyasi güc kimi rolunun artırılmasının tərəfdarıdır. Onun bu anlamda Türkiyənin roluna verdiyi önəmi də diqqətə almağın tərəfdarıyam".