Ermənistanla danışıqlarda onlayn diplomatiyaya keçmişik



Elxan Şahinoğlu: “Müzakirələrin internet üzərindən görüntülü şəkildə aparılmasının zərəri yoxdur”


  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistanla danışıqlarda onlayn diplomatiyaya keçilib. Nazirin sözlərinə görə, Ermənistana danışıqlar təklif olunsa da, onlar konstruktiv danışıqlardan əsassız şəkildə yayınıblar. C.Bayramov hesab edir ki, Ermənistan sülh prosesi üzrə danışıqların mahiyyətinə də ciddi zərbə vurur: "Artıq biz demək olarsa, bu sahədə onlayn diplomatiyaya keçmişik. Şərtlər bir-birimizə ötürülür. Bunun nə qədər effektiv olacağını zaman göstərəcək". Nazir əlavə edib ki, Azərbaycan kostruktiv tərəf olaraq bu istiqamətdən də imtina etmir.
  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, xarici işlər naziri Ceyhun Bayramovun “Ermənistanla danışıqlarda onlayn diplomatiyaya keçmişik, şərtləri bir-birimizə ötürürük” ifadəsindən çıxan nəticə odur ki, tərəflər internet üzərindən müzakirələr aparırlar. Bu, əvvəllər yox idi: "Əslində bu qədər vasitəçiyə ehtiyac yoxdur. Hər ölkə və təşkilat “bölgədə mən də varam” demək üçün tərəflər arasında görüşlər təşkil edir, fotolarla poz verirlər, ortada isə nəticə yoxdur. Müzakirələrin internet üzərindən görüntülü şəkildə aparılmasının zərəri yoxdur. Ermənistan rəsmiləri və Qarabağdakı separatçılar yer qalmayıb Azərbaycandan şikayət etməsinlər. Birinciləri birbaşa dialoqa cəlb etmək lazımdır, ikincilərin isə texniki personalı ilə yerlərdə müxtəlif məsələri həll etmək mümkündür. İkinci Qarabağ müharibəsindən sonra ən azı 3 dəfə Qarabağ erməniləriylə birbaşa təmas olub. Birinci görüş Sərsəng su anbarıyla bağlı olub. İkinci görüşdə onlardan Laçın azad olunanda təxribata yol verməmələri tələb edilib. Üçüncü görüş isə bugünlərdə yataqlarda monitorinqlə bağlı həyata keçirilib. Qarabağın tamamında suverenliyimizin bərpası üçün bütün imkanlardan istifadə etməliyik".