Ermənilərin Lavrov əndişəsi...

Kreml İrəvanın yox, Bakının dürüstlüyünə inanır

Üçtərəfli bəyanatda Azərbaycan və Rusiyanın fikirlərinin üst-üstə düşdüyü ən əsas müddəa kommunikasiyalarla bağlıdır

Sirr deyil ki, Moskva Qarabağdakı separatçıların Azərbaycana inteqrasiyasına isti baxmayacaq. Lakin müəyyən şərtlər qarşılığında Azərbaycan və Rusiya arasında mümkün bazarlıq kifayət qədər realdır

  Rusiyanın xarici işlər naziri Sergey Lavrov 27-28 fevral tarixlərində Bakıda səfərdə olub. Səfərin proqramına əsasən, Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. Həmçinin Rusiya-Azərbaycan Ekspert Şurasının “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusunda üçüncü iclasında iştirak edib. Rusiya XİN başçısı səfərin ilk günündə Prezident İlham Əliyev tərəfindən də qəbul olunub. Dövlət başçısı Lavrovla görüşü zamanı 2023-cü ilin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında irəliləyiş ili olacağına ümid etdiyini deyib. 

Ölkə rəhbəri qeyd edib ki, Rusiya dostumuz, müttəfiqimiz və qonşumuz kimi İrəvan-Bakı münasibətlərinin nizamlanmasına kömək işində xüsusi rola malikdir: "Ötən il bu istiqamətdə mühüm səy göstərilib. Gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub. Ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir". Prezident vurğulayıb ki, Azərbaycan tərəfi düşmənçilik səhifəsini tezliklə çevirmək və Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistanla, qonşu Rusiya ilə müsbət və konstruktiv iş aparmaq əzmindədir. Rusiya XİN başçısı da vurğulayıb ki, regional təhlükəsizlik həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdə olduqca aktual mövzu kimi qalır. Qeyd edib ki, beynəlxalq həmkarların çoxu, o cümlədən bu regiondan uzaqda yerləşənlər Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması yolunda irəliləyişə şərait yaratmağa böyük maraq göstərirlər: "Prezident Putinin dəfələrlə dediyi kimi, biz vəziyyətin sabitləşməsi, bu regionda yerləşən bütün ölkələrin normal, qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında öz ölkələrinin və xalqlarının mənafeləri naminə əməkdaşlıq etmək imkanları olması üçün şərait yaradılmasına yönəlmiş bütün səyləri alqışlayırıq". 

Lavrovun Bakı səfəri, daha doğrusu, Bakıdan sonra İrəvana getməməsi Ermənistanda ciddi narahatlığa səbəb olub. Çünki Rusiya xarici işlər naziri adətən Azərbaycan və Ermənistanın paytaxtlarına eyni səfər çərçivəsində gedib. Erməni analitik Akop Badalyan deyib ki, Lavrov Rusiyanın Cənubi Qafqaz mövqeyini müdafiə etməyə hazırlaşır. Lakin onun sözlərinə görə, burada Ermənistan və Qarabağ ermənilərini narahat edən amil mövcud vəziyyətin onların mövqeyini nə dərəcədə təhdid etməsidir: 

"Fevralın 23-də Ermənistan tərəfinin təşəbbüsü ilə Paşinyanla Putin arasında telefon danışığı olub. Bunun ardınca Putinlə Ərdoğan arasında telefon danışığı aparıldı. Bu danışıq fonunda Rusiya regionda mövqeyini qorumaq baxımından Azərbaycana müəyyən güzəştlər edə bilər". Tanınmış rusiyalı politoloq Sergey Markov da deyib ki, Lavrovun Bakı səfəri Ermənistan rəhbəri N.Paşinyanın Fransa və ABŞ-yə meyillənməsi, İrəvanı Rusiyanın düşmənləri ilə əvəzləməsi fonunda baş verir: "Ermənistan Fransa və AB-ni Cənubi Qafqaza sürükləməyə çalışır”. 

  Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, Azərbaycan və Rusiya arasında həmişə olduğu kimi ən böyük müzakirə mövzusu məhz Ermənistanla, daha doğrusu, Qafqazdakı "erməni məsələsi" ilə  bağlıdır. Analitik bildirib ki, üçtərəfli bəyanatda Azərbaycan və Rusiyanın fikirlərinin üst-üstə düşdüyü ən əsas müddəa kommunikasiyalarla bağlıdır: 

"Həm Bakı, həm Moskva dəfələrlə Zəngəzur dəhlizinin açılmasının vacibliyini qeyd ediblər. Lakin son iki ildə Ermənistan tərəfinin davranışı Zəngəzur kimi vacib geosiyasi əhəmiyyətli dəhliz ətrafında regional və beynəlxalq güclər arasında rəqabəti bir qədər də artırıb. Ermənistan və Qərbin istəyi yolda giriş-çıxışın Rusiya tərəfindən deyil, Ermənistan tərəfindən təmin olunmasıdır. Paşinyanın vaxtı uzatması Zəngəzur dəhlizinin açılmasına imkan verməyib. Bütün sərhədlərinə Rusiya hərbçilərinin nəzarət edildiyi bir vaxtda Zəngəzura fransız-alman jandarmeriyasını gətirən Paşinyan son addımları ilə rəsmi Bakının demarş imkanlarını özü də bilməyərək genişləndirmiş oldu. Azərbaycan-Ermənistan sülh müqaviləsi məsələsi Moskva-Bakı arasında müzakirə predmetidir. İki ölkə arasında sülhün əldə olunması Rusiya üçün Qafqazda yeni siyasi mənzərə yaradacağından bu mövzu ətrafında müzakirə ediləsi bir çox məsələlər var. Aydındır ki, sülh müqaviləsində birbaşa "Qarabağ" ifadəsi yer almaya bilər. Lakin bu və ya digər şəkildə rəsmi İrəvan Qarabağa iddialarından əl çəkməli, eyni zamanda iki dövlət arasında sərhədlər müəyyənləşməlidir. Bu məsələlərdə Rusiyanın kifayət qədər təsir imkanlarının olduğunu nəzərə alsaq, Azərbaycan və Rusiya arasında dialoqun nə dərəcədə vacib olduğunu başa düşərik. Əlbəttə, sirr deyil ki, Moskva Qarabağdakı separatçıların Azərbaycana inteqrasiyasına isti baxmayacaq. Lakin müəyyən şərtlər qarşılığında Azərbaycan və Rusiya arasında mümkün bazarlıq kifayət qədər realdır. Separatçıların tərksilah edilməsi qarşılığında Kreml Qafqaza kənar geosiyasi müdaxilələrin qarşısını almış olar".
  Z.Məmmədova görə, İran faktoru da ənənəvi olaraq Kremllə Azərbaycan arasında vacib istiqamətlərdən biridir: "Rusiyanın başının Ukraynaya qarışmasından istifadə edən İran son 2 ildə çox kobud şəkildə Cənubi Qafqaza, Arazın şimalındakı proseslərə müdaxilə etməklə məşğuldur. İki il əvvəl Lavrov mümkün müdaxiləyə qarşı İran XİN başçısı Abdullahiana iradını bildirsə də, hazırda Rusiyanın hərbi-texniki məsələlərdə İrandan asıllılığı müəyyən müddət ərzində Tehranın boş buraxılacağı ilə nəticələndi. Hər bir halda Azərbaycanın Rusiyadan istəkləri məlumdur. 

Bunlar Qarabağdakı hərbi birləşmələrin buraxılması, bölgənin Azərbaycana inteqrasiyasıdır. Rəsmi Bakı ona verilən vədlərin, sözlərin əməl olunacağına ümid edir və başa düşür ki, regiondakı çağırışların həlli, həm də Rusiya ilə münasibətlərdən və dialoqdan asılıdır. Xüsusilə nəzərə alınmalıdır ki, hazırda bütün dünya ölkələri üçün yeni tarixi səhifə açılmaqdadır. Beynəlxalq münasibətlər sistemi yeni mərhələsinə qədəm qoyur. 2025-ci ildən bölgədə yeni hərbi-siyasi xəritə çəkilə bilər".