“XIX əsrin ideyasını yenidən həyata keçirtməkləri Fransaya baha başa gələcək"
"Fransada Makron iqtidarı dönəmində antisemitizm, antiislamizm və bütün dini azlıqların hüquqlarının pozulması ciddi artıb".
Bunu Fransada Korsika dilinin qadağan edilməsi ilə bağlı "Sherg.az"a danışan millət vəkili Asim Mollazadə deyib.
Parlamentari bildirib ki, Korsika xalqını dilindən məhrum etmək həmin siyasətin bariz nümunəsidir:
"Makron XIX əsrin kolonial təfəkkürünü aparıcı ideyaya çevirmək siyasəti yürüdür. Fransa Rusiyanın zəiflədiyini duyur. Ermənistanı Cənubi Qafqazda yeni müstəmləkə kimi görmək istəyir. Yəni Rusiyanı əvəzləməyə çalışır. Belə siyasət Fransanı sosial məsələlərlə yanaşı, digər problemlərlə də üz-üzə qoyacaq. Azadlıqdan danışan Fransa, insanları hüquqlarından məhrum edir. XIX əsrin ideyasını yenidən həyata keçirtməkləri Fransaya baha başa gələcək".
Qeyd edək ki, Fransaya məxsus olan adanın məhkəməsi bir neçə gün öncə adanın yerli parlamentində korsika dilinin istifadəsini qadağan edib və bu, qəzəb doğurub.
Qərarda Fransa konstitusiyasına istinad edərək bildirilir ki, ictimai vəzifələrin icrasında istifadəsinə icazə verilən yeganə dil fransız dilidir.
Dil məsələsinə əlavə olaraq, məhkəmə “Korsika xalqı” ifadəsini də faktiki olaraq konstitusiyaya zidd hesab edib.Korsika üçün muxtariyyət tərəfdarı olan aparıcı siyasətçilər hökmü dərhal tənqid ediblər.